“Pakistan Observer” qəzetində “20 Yanvar şəhidləri” sərlövhəli məqalə dərc edilmişdir
İslamabad, 21 yanvar (AZƏRTAC). Pakistanın nüfuzlu ingilisdilli “Pakistan Observer” qəzetində Beynəlxalq İslam Universitetinin professoru Ghufran Əhmədin Bakıda 1990-cı ildə törədilmiş 20 Yanvar faciəsinə həsr edilmiş “20 Yanvar şəhidləri” sərlövhəli məqaləsi çap olunmuşdur.
Məqalədə 1980-ci illərin sonlarında Sovet İttifaqında cərəyan edən hadisələr, ermənilərin Azərbaycana qarşı əsasız ərazi iddiaları haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, sovet rəhbərliyi ikili standart tətbiq edərək Ermənistanın haqsız iddialarına dəstək vermiş və buna etiraz əlaməti olaraq Azərbaycan xalqı meydanlara axışaraq kommunist rejiminə etimadsızlıq göstərmiş və müstəqil Azərbaycan şüarları ilə çıxış etmişlər.
Yazıda azadlıq hərəkatını boğmaq məqsədilə 1990-cı il yanvarın 20-də sovet ordusu kontingentinin Bakıya yeridildiyi bildirilir. Müəllif ordunun mülki əhaliyə qarşı törətdiyi vəhşiliklər haqqında söhbət açaraq ölənlər arasında uşaq, qadın və qocaların olduğunu qeyd edir. Məqalədə bildirilir ki, əməliyyatdan əvvəl Azərbaycan Televiziyasının enerji bloku partladılmış, nəticədə insanlar informasiyadan təcrid olunmuşdular.
Daha sonra müəllif yazır ki, əsgərlər mülki əhali, təcili tibbi yardım maşınları və hətta xəstəxanaları atəşə tutmuşlar ki, bu da beynəlxalq qanunlara ziddir.
Məqalədə deyilir ki, əməliyyat zamanı təkcə azərbaycanlıların deyil, eyni zamanda, digər millətlərin nümayəndələrinin də amansızlıqla qətlə yetirilmişlər. Siyasi məna daşıyan bu aksiya Almatı və Tbilisi hadisələrindən sonra baş vermişdi və Azərbaycanın müasir tarixində dönüş nöqtəsi, SSRİ-nin süqutunun isə başlanğıcı olmuşdur.
Müəllif yazır ki, bu qanlı hadisə azərbaycanlıları öz müstəqillik yolundan döndərə bilməmiş və Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyinə qovuşmuşdur.
Oxuculara məlumat verilir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Fərmanı ilə 20 yanvar qurbanlarına “20 Yanvar şəhidi” fəxri adı verilmişdir. Qədirbilən Azərbaycan xalqı şəhidlərin xatirələrini daim əziz tutur və hər il yanvarın 20-də Bakı şəhərinin ən yüksək zirvəsində yerləşən Şəhidlər xiyabanını ziyarət edirlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad