Pambıq genotiplərinin duzluluq stresinə davamlılığına dair tədqiqat aparılır
Bakı, 13 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində 27 Mart – Azərbaycanda Elm Gününə həsr olunan silsilə tədbirlər çərçivəsində Genetika kafedrasının doktorantı, Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun elmi işçisi Şadər Əlizadənin “Pambıq genotiplərinin duzluluq stresinə davamlılığının molekulyar genetik tədqiqi” mövzusunda elmi seminarı keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Seminarı açan Biologiya fakültəsinin dekanı dosent Afət Məmmədova qeyd edib ki, qlobal iqlim dəyişiklikləri ekosistemlərin vəziyyətini daha da çətinləşdirərək, duzluluq, quraqlıq və digər stres faktorlarının təsirini artırıb. Belə bir ekoloji təzyiq nəticəsində dünyada kənd təsərrüfatı üçün yararlı torpaqların təxminən üçdəbiri duzluluq stresindən əziyyət çəkir. Ona görə də duzluluq stresinə davamlı bitki genotiplərinin yaradılması və seleksiyada tətbiqi qlobal kənd təsərrüfatı üçün vacib məsələlərdən biridir.
Məruzəçi Şadər Əlizadə tədqiqat işində pambığın yerli və introduksiya olunmuş 48 genotipi üzərində müxtəlif təcrübələr aparıldığını deyib. Bildirib ki, NaCl duzunun 100 mM və 200 mM qatılıqlı stres şəraitində gen ekspressiyasının dəyişməsi, stresə qarşı olan biokimyəvi reaksiyalar, biokütlə istehsalı və cücərmə parametrləri qiymətləndirilib. Statistik təhlil və klaster analizi nəticəsində müxtəlif pambıq genotiplərinin duzluluq stresinə qarşı reaksiyaları müqayisə edilib, davamlı və həssas genotiplər müəyyən olunub. Tədqiqatda, həmçinin pambıq bitkisi üçün ən uyğun davamlılıq indeksləri təklif edilib.
Tədqiqatın nəticələrinin pambıq bitkisi üçün yeni, duza davamlı genotiplərin identifikasiyasına və onların seleksiyada istifadəsinə yol açacağını qeyd edən məruzəçi bu araşdırmanın kənd təsərrüfatında şoranlaşma probleminin qarşısını almağa kömək edəcəyini vurğulayıb.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb, tədqiqat işinin effektivliyi müzakirə edilib.