Pandemiya dövründə kütləvi mərasimlər təşkil etmək həm özümüz, həm də cəmiyyətimiz üçün təhlükəlidir
Bərdə, 21 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Məhərrəmlik ayı və Aşura bu il dünyanın qarşılaşdığı çətin sınaq dövrünə, koronavirusla bağlı yaranmış təhlükəli və riskli şəraitə təsadüf edir. Bütün dünyada, o cümlədən Azərbaycanda kütləvi tədbirlər qadağan olunub. Virusun geniş yayılmaması üçün, o cümlədən xalqımızın sağlamlığı naminə məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək. Bütün möminlər bunu anlayışla və həmrəyliklə qarşılayır.
Bu fikri AZƏRTAC-a müsahibəsində Bərdə şəhər “Cümə” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Hacı Ramazan Hüseynov deyib. O bildirib ki, insan sağlamlığının qorunması dinimizin əsas şərtlərindən biridir və onun yerinə yetirilməsi ilə bağlı hər birimizin üzərinə böyük məsuliyyət düşür: “Hər bir kəs təkcə özünün deyil, başqalarının da sağlamlığının qorunmasına çalışmalıdır. Xəstəlik ehtimalı olan yerlərdən uzaq durmaqla özümüzü də, digər insanları da qorumuş olarıq. Həzrəti Peyğəmbərimiz belə buyurub: "Vəbanın ortaya çıxdığını eşitdiyiniz bir yerə getməyin. Əgər olduğunuz yerdə vəba görülərsə, siz də oradan kənara çıxmayın". Koronavirusun dünyada geniş tüğyan etdiyi indiki şəraitdə kütləvi mərasimlər təşkil etmək, məscidlərə, ziyarətgahlara toplaşmaq həm özümüz, həm də cəmiyyətimiz üçün təhlükəlidir”.
İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsinin böyük mənəvi-əxlaqi əhəmiyyət kəsb etdiyini deyən Hacı Ramazan Hüseynov bildirib ki, bu il möminlər Kərbəla şəhidlərinin xatirəsini qəlblərində yad edəcəklər. O, həmçinin Kərbəla şəhidlərinin xatirəsinə ən münasib əzadarlıq nümunəsinin qan vermək olduğunu qeyd edərək, dindarlarımızın bu il pandemiya səbəbindən məscidlərdə deyil, ölkəmizin qan bankının paytaxtda və bölgələrdəki filiallarında ehsan niyyəti ilə qan verəcəklərini bildirib.