Pandemiya dövründə peşə təhsilində tədrisin təşkili mövzusunda görüş keçirilib
Bakı, 28 avqust, AZƏRTAC
Peşə təhsili müəssisələrinin rəhbərləri ilə COVID-19 pandemiya dövründə tədrisin təşkili mövzusunda görüş keçirilib. Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Təhsil nazirinin müavini İdris İsayev koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov və peşə təhsili müəssisələrinin rəhbərləri pandemiya dövründə təşkil olunan teledərslərin, işəgötürənlərlə birgə düzgün peşə seçimi ilə bağlı vebinarların əhəmiyyətini vurğulayıblar. Bu il ilk dəfə həyata keçirilən peşə təhsili müəssisələrinə mərkəzləşmiş elektron tələbə qəbulu sisteminin üstünlüklərindən və peşə təhsili almağa maraq göstərən tələbələrin cəlb olunmasında rolundan bəhs ediblər.
Görüş zamanı çıxış edən peşə təhsili müəssisələrinin rəhbərləri yeni tədris ili ilə bağlı fikirlərini bildiriblər.
Təklif olunan təhsil modelləri haqqında müzakirələr aparılıb.