Parisdə görkəmli Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun xatirəsi anılmışdır
Paris, 3 iyun (AZƏRTAC). Parisdə görkəmli Azərbaycan rəssamı, XX və XXI əsrlərin parlaq sənətkarları sırasında xüsusi yeri olan Toğrul Nərimanbəyovun xatirəsi anılmışdır.
Anma mərasimindən əvvəl rəssamın Parisin Trakodero məzarlığındakı qəbri önünə Azərbaycan hökuməti adından əklil qoyulmuşdur.
Sonra Azərbaycanın Mədəniyyət Mərkəzində anma mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edən Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Elmar Məmmədov rəssamın ailə tarixçəsindən söz açmış, ulu babalarının Azərbaycanın Şuşa şəhərindən olduqlarını, yaşadıqları dövrlərin məşhur siyasətçiləri kimi tanındıqlarını bildirmişdir.
Diqqətə çatdırmışdır ki, Toğrul Nərimanbəyovun atası Fərman Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə bir qrup azərbaycanlı gənclə birlikdə Avropaya, o cümlədən Fransaya təhsil almağa göndərilmişdir. O, burada fransız xanım ilə evlənmiş və sonralar bu ailənin başçıları repressiyaya məruz qalmışlar. Hələ uşaq ikən rəssamlığa böyük həvəs göstərən Toğrul Nərimanbəyov bu sənətin sirlərinə tezliklə bələd olaraq özünü istedadlı rəssam kimi tanıtmışdır.
Müşavir qeyd etmişdir ki, rəssamın “Muğam”, “İçərişəhər”, “Narlar”, “Xəzər üzərində şəfəq” və digər işləri ona böyük şöhrət gətirmiş, əsərləri Fransa, Rusiya, ABŞ, Çin, İtaliya, Rumıniya, Belçika, Lüksemburq, Almaniya, Hindistan, Yaponiya və digər ölkələrdə müvəffəqiyyətlə nümayiş etdirilmişdir.
Rəssamın yaradıcılığının əsasını mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı təşkil etmişdir. Toğrul Nərimanbəyov SSRİ-nin və Azərbaycan Respublikasının Xalq Rəssamı adına layiq görülmüş, Dövlət mükafatları laureatı olmuş, 2000-ci ildə ulu öndər Heydər Əliyevin, 2010-cu ildə isə Prezident İlham Əliyevin sərəncamları ilə müvafiq olaraq “İstiqlal” və “Şərəf” ordenləri ilə təltif edilmiş, Prezidentin fərdi təqaüdçüsü olmuşdur.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxışında Toğrul Nərimanbəyovun Azərbaycanın tanınmış ziyalı ailəsində dünyaya gəldiyini, Vətəninə vurğunluğunun əsərlərində əksini tapdığını diqqətə çatdırmışdır. Rəssamın portret, məişət və natürmort janrlarında çəkdiyi lövhələrin müasir Azərbaycan rəssamlığının qiymətli əsərləri kimi dünyanın mötəbər sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində nümayiş etdirildiyi və müəllifinə şöhrət gətirdiyini deyən nazir müavini görkəmli sənətkarın işıqlı xatirəsinin onu sevənlərin qəlblərində əbədi yaşayacağını bildirmişdir.
Fransanın Azərbaycandakı ilk səfiri Jan Perrən rəssamla bağlı xatirələrini bölüşmüş, Toğrul Nərimanbəyovun əsərlərinin nəinki doğma vətəni Azərbaycanda, habelə anasının vətəni Fransada da müəllifinə böyük şöhrət qazandırdığını bildirmişdir.
Mərasimdə Fransa ictimaiyyətinin nümayəndələri, tanınmış rəssamlar və digər sənət adamları, rəssamın yaxın qohumları, Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, diasporumuzun təmsilçiləri və tələbələrimiz iştirak etmişlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris