ELM VƏ TƏHSİL
PARİSDƏ MÜHAZİRƏ VƏ SEMİNARLARDA İSTİRAK ETMİŞLƏR
Respublika Təhsil Nazirliyi Beynəlxalq əlaqələr idarəsinin rəisi Mahir Əliyev, Azərbaycan Dövlət Neft Akademiyasının fakültə dekanı, professor İsa Abdullayev və Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru, filologiya elmləri doktoru Zeydulla Ağayev Parisdəki Beynəlxalq Pedaqoji Tədris Mərkəzində təşkil olunmuş “Təhsilin üçüncü mərhələsinin yenidən qurulmasının strateji seçimləri” mövzusunda iki həftəlik mühazirə və seminarlarda iştirak etmişlər.
M.Əliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, təhsilin üçüncü mərhələsi dedikdə, ibtidai və orta təhsildən sonra gələn mərhələ nəzərdə tutulur. Bu mərhələyə ali məktəb, kollec, ixtisasartırma və yeni təhsil verən kurslar, tədrisin hər hansı növü ilə bağlı bir və ya bir neçə aylıq kurslar daxildir. Dünya Bankının təşkil etdiyi bu tədbirin əsas məqsədi müxtəlif ölkələrin təhsil işçiləri arasında təcrübə mübadiləsi aparmaq idi. Azərbaycan nümayəndə heyəti diskussiyalarda fəal iştirak etmiş, imkan daxilində ölkəmiz barədə həqiqətləri açıqlamışdır. Məsələn, professor İ.Abdullayev iştirak etdiyi qrupda ermənilər tərəfindən işğal olunmuş ərazilərimizdə yüzlərlə məktəbin dağıldığını, bir milyondan artıq azərbaycanlının doğma yerlərindən zorla çıxarılaraq çadır şəhərciklərində məskunlaşdığını, uşaqların çadırlarda təhsil aldıqlarını bildirmişdir.
Mühazirə və seminarların başa çatması ilə əlaqədar Mərkəzdə keçirilmiş mərasimdə iştirakçılara xüsusi sertifikatlar verilmiş, respublikamızın nümayəndə heyətinin fəallığı xüsusi vurğulanmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris