PARİSDƏ SİYASİ KOMİTƏNİN YIĞINCAĞI KEÇİRİLMİŞDİR
İclasda Yaxın Şərqdə, Qazaxıstanda, Belarusda və Mərkəzi Asiya respublikalarındakı vəziyyət, Avropa müsəlman icmalarının ekstremizm halları ilə üzləşməsi, ATƏT-in Minsk qrupunun məşğul olduğu Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər müzakirə edilmişdir.
Komitədə “ATƏT-in Minsk qrupunun məşğul olduğu Dağlıq Qarabağ bölgəsində münaqişə” mövzusunda 1416 saylı qətnamənin 5-ci bəndinin yerinə yetirilməsi üzrə Alt Komitənin gələcək fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.
Alt Komitənin sədri lord Rassel Conston ötən müddət ərzində komitə tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat vermiş, qurumun bundan sonra da fəaliyyətini davam etdirməsinin vacibliyini qeyd etmiş, münaqişənin dinc yolla həlli üçün zəruri olan etimad mühiti yaradılması baxımından əhəmiyyətindən danışmışdır.
AŞPA-dakı Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin başçıları Səməd Seyidov və Tiqran Torosyan da Alt Komitə tərəfindən görülmüş işi faydalı hesab etdiklərini bildirmiş, onun fəaliyyətinin davam etdirilməsinə bundan sonra da tərəfdar olduqlarını söyləmişlər.
Yığıncağın sonunda siyasi komitənin sədri, türkiyəli deputat Ə.Atəşin məsələnin AŞPA-nın bürosunun martın 16-da keçiriləcək yığıncağında səsləndirməsi təklifini deputatlar razılıq hissi ilə qarşılamışlar.