ELM VƏ TƏHSİL
“Parla” təqaüd proqramı həyata keçirilir
Bakı, 1 mart, AZƏRTAC
Təhsilin İnkişafı Fondunun “NEQSOL Holding” ilə əməkdaşlığı çərçivəsində Azərbaycanda hər il 50 tələbə qız üçün “Parla” təqaüd və inkişaf proqramı həyata keçirilir.
Fonddan AZƏRTAC-a bildirilib ki, “Parla” təqaüd proqramının 50 uğurlu iştirakçısı tərəflərin müəyyən etdiyi meyarlar əsasında müraciət edən 674 tələbə qız arasından ötən il seçilib. Seçim zamanı tələbə qızların təhsildə müvəffəqiyyətləri və maddi vəziyyətləri nəzərə alınıb. Seçilmiş tələbələr təhsili başa vurana qədər aylıq təqaüd ödənişləri alacaqlar. Bundan əlavə, “NEQSOL Holding” tələbə qızlara təcrübə proqramı, mentorluq, NEQSOL Akademiyası vasitəsilə dünyanın aparıcı universitetlərinin proqramlarına və LinkedIn öyrənmə vasitələrinə çıxış kimi kompleks proqramlar təklif edir.
“NEQSOL Holding Azərbaycan” ofisinin rəhbəri İmran Əhmədzadə qeyd edib ki, təhsilə dəstək həm də holdinqin korporativ sosial məsuliyyət strategiyasının mühüm bir hissəsidir, inklüzivlik isə holdinqin əsas dəyərlərindən biridir. O, proqramın “Parla” adlanmasına diqqət çəkərək qızlara potensiallarını göstərib, güclü, yaxşı təhsilli və yeni çağırışlara hazır olmalarını tövsiyə edib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov proqramı dövlət-özəl tərəfdaşlığının uğurlu nümunəsi adlandırıb. Qızların şəxsi və peşəkar inkişafı üçün xüsusi proqram hazırlandığını qeyd edən EInur Nəsibov “Parla” proqramının köməyilə onların universitetdə daha yaxşı oxumaqla yanaşı, əmək bazarında iştirakı üçün daha hazırlıqlı olacaqlarını söyləyib.
Proqram iştirakçılarının və digər qonaqların qatıldığı tədbirdə təhsil və işəgötürmə üzrə ekspertlər, eləcə də digər ölkələrdə oxşar proqramlar həyata keçirən fondların nümayəndələri çıxış ediblər.