Parlament minimum əməkhaqqı ilə bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliyi təsdiqlədi VİDEO
Bakı, 13 fevral, foto Aydın Məmmədov, AZƏRTAC
Parlament Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin fevralın 13-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Bildirilib ki, işçilərin minimum yaşayış səviyyəsini təmin edən və bu gün bütün dünyada sosial siyasət alətlərindən biri olan minimum əməkhaqqının tənzimlənməsi bir çox beynəlxalq qurumların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının həll etdiyi və diqqətdə saxladığı məsələlərdəndir. Bu xüsusda Dünya Bankı Qrupunun “Business Ready” hesabatında qanunvericiliyin minimum əməkhaqqının dövri yenilənməsinin məcburiliyinin təsbit edilməməsi bal itirən suallar kateqoriyasına şamil edilib.
Qeyd olunanlar nəzərə alınaraq, Əmək Məcəlləsində dəyişiklik edilməsi zərurətindən irəli gələn qanun layihəsi hazırlanıb.
Layihənin qəbulu ölkəmizdə sosial müdafiənin səmərəli aləti sayılan minimum əməkhaqqının müəyyənləşməsinin dövriliyini təmin edəcək.