PARTİYALAR ARASINDA ƏLAQƏLƏRİN İNTENSİVLƏŞMƏSİ XALQLARIN BİR-BİRİNƏ DAHA SIX YAXINLAŞMASINA XİDMƏT EDİR
AZƏRTAC xəbər verir ki, bu fikir Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında partiya sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun Tacikistan Demokratik Xalq Partiyası sədrinin birinci müavini Davlatali Davlatzoda ilə görüşündə səslənmişdir.
YAP-ın dəvətini qəbul edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun və partiyanın təşkilatçılığı ilə keçirilmiş “Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları” mövzusunda beynəlxalq konfransa qatıldığına görə qonağa minnətdarlığını bildirən Əli Əhmədov, belə tədbirlərin həm fikir mübadiləsi baxımından səmərəli olduğunu, həm də xalqlar və dövlətlər arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını qeyd etmişdir.
YAP sədrinin müavini bildirmişdir ki, Azərbaycan ilə Tacikistanın yaxın keçmişi bir-birinə çox bənzəyir. Hər iki dövlət müstəqilliyin ilk illərinin və keçid dövrünün çətinliklərini yaşamışdır. Bu iki dövlətin təcrübəsi konfransın mövzusunun nə dərəcədə aktual olduğunu, ictimai-siyasi sabitlik olmadan demokratik cəmiyyət quruculuğunun mümkünsüzlüyünü təsdiq edir.
YAP sədrinin müavini ölkələrimizin prezidentlərinin son illər baş tutmuş qarşılıqlı səfərlərindən sonra dövlətlərimiz arasında münasibətlərin daha da sıxlaşdığını, möhkəm dostluq əlaqələrinin formalaşdığını diqqətə çatdırmışdır.
Konfransın çox yüksək səviyyədə təşkil edildiyini qeyd edən D.Davlatzoda, göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirmiş, tədbirin materiallarının Tacikistanın həm partiya, həm də dövlət mətbuatında dərc olunacağını qeyd etmişdir. Həqiqətən də Tacikstan ilə Azərbaycan arasında yaxın keçmişdə oxşar tarixi məqamların yaşandığını təsdiq edən qonaq təəssüf hissi ilə qeyd etmişdir ki, təmsil etdiyi ölkədə Heydər Əliyev kimi lider olmadığına görə Tacikistanda vətəndaş müharibəsi baş vermiş və o, 5 il davam etmişdir. Heydər Əliyevin dünya miqyaslı tarixi şəxsiyyət olduğunu vurğulayan qonaq, onun müəyyən etdiyi strategiya sayəsində bu gün Azərbaycanın qazandığı uğurların tacik xalqı tərəfindən də böyük rəğbətlə qarşılandığını demişdir. Tacikstan ilə Azərbaycan arasında münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasının, qardaşlıq əlaqələri qurulmasının arzuedilən olduğu qeyd edilmişdir.
Sonra qonaq təmsil etdiyi iqtidar partiyasının Tacikistanda aparılan quruculuq işlərində iştirakı barədə məlumat vermiş, Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığın daha da genişləndirilməsinin hər iki xalqın xeyrinə olacağını bildirmişdir.
YAP sədrinin müavini ölkə başçıları arasında olan xoş münasibətlərin xalqlar və dövlətlər üçün də əhəmiyyətli olduğunu qeyd etmiş, bunun iqtidar partiyaları arasında əlaqələrin daha da möhkəmlənməsi üçün örnək rolu oynadığını vurğulamışdır.
Cari ilin oktyabrında Azərbaycanda prezident seçkilərinin keçiriləcəyini qeyd edən Əli Əhəmdov ilkin sorğuların nəticələrinə əsasən, dövlət başçısı İlham Əliyevin reytinqinin çox yüksək olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanın son illər Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığı və bu gün bütün dünya tərəfindən etiraf edilən uğurları, onun qarşıdakı seçkilərdə parlaq qələbə əldə edəcəyini söyləməyə əsas verir. YAP sədrinin müavini qonağı həmin seçkilərdə beynəlxalq müşahidəçi kimi iştirak etməyə dəvət etmişdir.
Qonaq YAP sədrinin müavininə Tacikistanın seçki təcrübəsini özündə toplamış müəllifi olduğu kitabları hədiyyə etmişdir.
YAP-ın 15 illiyi ilə əlaqədar nəşr edilmiş kitablar isə tacikistanlı qonağa təqdim edilmişdir.