Pasxa bayramı münasibətilə Gəncədəki Rus İcmasının üzvlərinə sovqat paylanılıb
Aleksandr Nevski Rus Pravoslav kilsəsinin baş keşişi: Azərbaycan tolerant dəyərlərə sadiq ölkədir
Gəncə, 21 aprel, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə yaşayan rus icmasının üzvlərinə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sovqat paylanılıb.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq icmanın aztəminatlı üzvlərinə və Aleksandr Nevski Rus Pravoslav kilsəsində xidmət göstərən, dini ayinləri icra edən şəxslərə yardım edilib.
Qeyd olunub ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi karantin rejimi dövründə Gəncədə tənha yaşayan, ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar davam edir. Yardım aksiyası Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilir. Gəncə və qərb bölgəsi üzrə Rus İcmasının üzvləri də diqqətdən kənarda qalmayıblar.
Aleksandr Nevski Rus Pravoslav kilsəsinin baş keşişi Varfolomey Denis Sotnikov qeyd deyib ki, Azərbaycan tolerant dəyərlərə sadiq ölkədir. Bu gün Azərbaycanda xristian tarixi abidələri, kilsələri qorunub saxlanılır. Ölkə rəhbərliyi səviyyəsində digər xalqların və dinlərin nümayəndələrinə, o cümlədən onlara xüsusi qayğı ilə yanaşılır. O, göstərilən diqqətə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirib.