Paytaxt Bakı Yeni ili qarşılamağa hazırdır - FOTO
Dekabrın 31-də Dənizkənarı Milli Parkda möhtəşəm bayram atəşfəşanlığı təşkil ediləcək
Bakı, 23 dekabr, AZƏRTAC
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Bakı şəhər və paytaxt rayonları icra hakimiyyətləri tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, artıq şəhərin parkları, meydan və küçələrinin bəzədilməsi, burada yeni il atributlarının, işıqlı çilçıraqlar və digər bəzəklər quraşdırılıb, bayram yarmarkaları yaradılıb.

Dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində ölkəmiz sürətlə inkişaf edir və bu gün xalqımızın əhval ruhiyyəsi çox yüksəkdir, buna uyğun olaraq da şəhərimizdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xüsusi hazırlıq və tərtibat işləri həyata keçirilir. Ənənəvi olaraq bayram tərtibatı işləri görülən Neftçilər prospekti, Yusif Səfərov və Niyazi küçəsindən əlavə bu il İstiqlaliyyət küçəsi və Azərbaycan prospekti də bayramla bağlı bəzədilib. “Azneft” dairəsində isə xüsusi və fərqli tərtibatla 20 metr hündürlüyündə yeni il şam ağacı kompleksi yaradılıb. Həmçinin bu işlər ictimai iaşə obyektlərini də əhatə edir.
![]() |
![]() |
Bundan başqa, həmişə olduğu kimi, paytaxtımızda insanların daha çox bayramı qeyd etdiyi məkanlar Fəvvarələr meydanında, Dənizkənarı Bulvarda, İçərişəhərdə bu il əvvəlki illərdən fərqli və geniş formada olaraq xüsusi proqram əsasında bayram hazırlıqları görülüb.
Həmçinin rayon icra hakimiyyətlərinə tövsiyə edilib ki, bayramla bağlı ərazilərində nümunəvi küçə hazırlansın.
Eyni zamanda, təsdiq olunmuş dislokasiyalara uyğun olaraq Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən əsas etibarilə metro stansiyalarının yaxınlığındakı yerlərdə çadırlar qurulub, şəhər sakinləri və qonaqlar üçün bayram yarmarkaları təşkil olunub.

Hazırlıq işləri çərçivəsində dekabrın 17-də Bakı şəhərinin ərazisində “Yeni ilə təmiz şəhərlə” devizi ilə ümumşəhər daxili iməciliyi keçirilib. Şəhərin əksər meydan və parklarında yeni il şam ağacları quraşdırılıb və hazırlıq işləri görülüb.
Ənənəvi olaraq dekabrın 31-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Dənizkənarı Milli Parkda möhtəşəm bayram atəşfəşanlığı təşkil ediləcək.

