Paytaxt məktəblərində Ümumdünya Mülki Müdafiə Günü
Bakı, 1 mart, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər və “Açıq dərs”lər keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə mülki şagirdlər müdafiənin məqsədi və əhəmiyyəti barədə məlumatlandırılıb. Həmçinin yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlərdən bəhs olunub. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları şagirdlərə izah edilib.
“Açıq dərs”lər zamanı fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, “112” zəng xidmətindən istifadə mövzularında ətraflı məlumat verilib. Eləcə də şagirdlərin fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb.
Qeyd edək ki, Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı məktəblərdə tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət və yanğın hadisələri zamanı düzgün təxliyə üsullarını öyrətməkdən ibarətdir.