Paytaxt məktəblərində Xocalı soyqırımına dair silsilə tədbirlər
Bakı, 26 fevral, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirlərin təşkil olunmasının əsas məqsədi Vətən yolunda canından keçənlərin xatirəsini ehtiramla yad etmək, məktəblilərdə vətənpərvərlik hissini daha da yüksəltmək və Xocalı soyqırımı zamanı xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətləri onlara çatdırmaqdır.
Təhsil müəssisələrində “Xocalı soyqırımını unutma”, “Unudulmayan faciə, sağalmaz yara”, “Xocalısız 27 il”, “Xocalı - əsrin faciəsi”, “Bir yurd vardır - Xocalı”, “Xocalı uşaqların gözü ilə”, “Xocalı qətliamı dünya tarixinin qan yaddaşında”, “Qanlı gecə”, “Xocalıya gedən yol” mövzularında dərs, mühazirə, dəyirmi masa, rəsm müsabiqələri, idman yarışları və ədəbi-bədii kompozisiyalar təşkil edilib.
Tədbirlərdə Xocalı soyqırımının tarixindən bəhs olunub. 1992-ci il fevralın 25-i gecə saatlarından başlayaraq şəhərin toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulduğu, fevralın 26-sı səhər saat 5 radələrində şəhərin tamamilə alova büründüyü bir daha şagirdlərin diqqətinə çatdırılıb. Məktəblilərə Xocalı faciəsində xalqımızın başına gətirilən dəhşətləri, dinc əhaliyə divan tutaraq misli görünməmiş vəhşilikləri törədən düşmənin əməllərini unutmamaq tövsiyə olunub.
Şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını şeirlər, ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdiriblər.
Xocalı soyqırımı ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər, guşələr, bülletenlər hazırlanıb, məktəblilər arasında inşa yazı müsabiqələri keçirilib.
Həmçinin təhsil müəssisələrində Xocalı faciəsi barədə filmlər nümayiş olunub, məktəblilərin və təhsil işçilərinin şəhid ailələri və soyqırımı şahidləri ilə görüşləri təşkil edilib.