Paytaxtın Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil olunub VİDEO
Bakı, 14 avqust, AZƏRTAC
Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işləri davam etdirir. Məqsəd şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir. Kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir.
AYNA-dan AZƏRTAC-a bildirilib ki, görülən işlər çərçivəsində Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil edilib. Bununla da Rəşid Behbudov küçəsi və Vaqif prospektindəki mövcud zolaqlar birləşdirilib. Ərazidə müvafiq yol nişanları quraşdırılıb. Yaxın günlərdə təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək.
Şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsi genişləndiriləcək. Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər zamanı mikromobillik vasitələrini yol hərəkəti iştirakçıları üçün nəqliyyat vasitəsinə çevirməkdir.