ELM VƏ TƏHSİL
Pedaqoji Universitetdə Vətən müharibəsinə həsr olunmuş qorelyefin açılışı olub
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İncəsənət və fiziki tərbiyə fakültəsində “Şuşa İli” çərçivəsində 44 günlük Vətən müharibəsinə həsr edilmiş qorelyefin açılışı olub. Qorelyefin müəllifi Təsviri incəsənət müəllimliyi ixtisası üzrə lll kurs tələbəsi Pərviz Mahmudovdur.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirin açılışında fakültə dekanı dosent Laçın Həsənova çıxış edərək Vətən müharibəsindən və həmçinin fakültədə milli ruhun daim tələbələrə aşılanmasından danışıb.
Universitet Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Əliyev, Təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasının müəllimi dosent Rais Rəsulov öz təəssüratlarını bölüşüblər.
Tədbir zamanı musiqi müəllimliyi ixtisasının lV kurs tələbəsi Nazim Mirzəyevin Milli Qəhrəman Mübariz İbrahimova həsr etdiyi videoçarx nümayiş etdirilib. Videoçarxda fakültənin məzunu, 44 günlük müharibənin qazisi Elvin Rəsulov Mübariz İbrahimovu canlandırıb.
Mərasimdə fakültənin xor kollektivi bəstəkar Nailə Mirməmmədlinin milli ruhlu əsərlərini ifa edib.
Fakültənin Vətən müharibəsində iştirak etmiş qazi tələbələri Cavid Abdinov və Yusif İsaqzadə xatirələrini bölüşüblər.