Liviyalı nümayəndə: Azərbaycanın təcrübəsini öyrənmək üçün gəlmişik VİDEO
Bakı, 3 sentyabr, AZƏRTAC
Tikinti işlərinin aparılması üçün ərazilərin əvvəlcədən minalardan və digər partlayıcı qurğulardan təmizlənməsi vacibdir. Minalardan təmizləmə yalnız tikinti layihələrinin həyata keçirilməsi üçün deyil, insanların təhlükəsiz şəkildə yaşayış yerlərinə qayıtması, biznes fəaliyyətinin bərpası və normal sosial-iqtisadi həyatın təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Liviyanın mənzil və tikinti nazirinin müşaviri Fathi Benfares deyib.
“Biz buraya Azərbaycanın təcrübəsini öyrənmək üçün gəlmişik. Liviyanın da mina təhlükəsi ilə bağlı uzunmüddətli təcrübəsi var. İkinci Dünya müharibəsindən qalan minalar hələ də ölkənin bəzi ərazilərində, o cümlədən Liviya-Misir sərhədində mövcuddur. Tripolidə İŞİD-lə müharibə zamanı da ərazilərin minalanması ciddi problemlər yaradıb”, – deyə nazir müşaviri bildirib.
Onun sözlərinə görə, bu günə qədər həmin ərazilərin təxminən 90 faizi minalardan təmizlənib. Lakin mina təhlükəsi hələ də qalmaqdadır. 2020-ci ildən bu günədək minaların partlaması nəticəsində təxminən 90 nəfər xəsarət alıb və zərər çəkib.
Fathi Benfares beynəlxalq əməkdaşlıq və maliyyə dəstəyinin artırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, Liviya BMT-nin İnkişaf Proqramı, Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir.
“Hazırda göstərilən dəstəyin kifayət etdiyini düşünmürəm. Bizə daha çox dəstək və təcrübə lazımdır. Bəzi partlayıcı qurğuların aşkarlanması və zərərsizləşdirilməsi olduqca çətindir. Buna görə də beynəlxalq təcrübənin öyrənilməsi və əməkdaşlığın genişləndirilməsi bizim üçün çox vacibdir”, – deyə o əlavə edib.