DÜNYA
Pentaqonun rəhbəri: ABŞ Yaponiyanın mübahisəli adalarını müdafiə etməyə hazırdır
Tokio, 24 yanvar, AZƏRTAC
Pentaqonun yeni rəhbəri Lloyd Ostin ABŞ-ın Çinin də iddia etdiyi mübahisəli Senkaku adalarını müdafiə etməyə hazır olduğunu bildirib.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə L.Ostin Yaponiyanın müdafiə naziri Nobuo Kişi ilə telefon danışığı zamanı deyib.
ABŞ-ın müdafiə naziri bildirib ki, iki ölkə arasında təhlükəsizlik barədə imzalanmış müqavilənin beşinci maddəsi Senkaku adalarına aiddir. Həmin maddə istənilən ölkə tərəfindən edilə biləcək hücum zamanı bu adaların ABŞ və Yaponiya tərəfindən birlikdə müdafiəsini nəzərdə tutur.
“ABŞ Şərqi-Çin dənizində status-kvonun birtərəfli qaydada istənilən dəyişdirilməsinin əleyhinədir”, - deyə L.Ostin bildirib.
Bununla yanaşı, nazirlər Yaponiyada yerləşən ABŞ silahlı qüvvələrinin yenidən formalaşması məsələlərini də müzakirə ediblər.
Qeyd edək ki, yaxınlığında neft yataqları aşkarlanmış Senkaku adalarına görə rəsmi Tokio ilə Pekin arasında ərazi mübahisəsi 1960-cı illərin sonlarından başlayıb. Həmin adalar 1972-ci ildən Yaponiyanın inzibati nəzarəti altındadır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio