Peru qəzeti Azərbaycan Xalq Cümhuriyyətinin nailiyyətlərindən yazır
Bakı, 31 may, AZƏRTAC
Perunun rəsmi “El Peruano” qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümünə həsr olunmuş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə oxuculara 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və keçdiyi şərəfli yol haqqında ətraflı məlumat verilir. Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin İslam dünyasında ilk parlamentli respublika, hüquqi və dünyəvi dövlət olduğu bildirilir və ölkədə bütün vətəndaşların bərabər siyasi hüquqlarla təmin edildiyi oxucuların diqqətinə çatdırılır.
Qısa ömür yaşamış müstəqil Cümhuriyyətin böyük nailiyyətlərindən bəhs edilən məqalədə qeyd olunur ki, bu uğurlar həm də ölkənin sivil və müstəqil dövlət qurmaq bacarığını dünyaya nümayiş etdirdi.
Həmçinin 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmizin Cümhuriyyətin siyasi-hüquqi və mənəvi varisi olduğu, qədim dövlətçilik ənənələrinə sadiq qaldığı bildirilir.
Məqalədə deyilir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoymuş, ölkənin davamlı sosial-iqtisadi inkişafı təmin edilmişdir.
Vurğulanır ki, bu gün həmin siyasi-iqtisadi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində Azərbaycan yeni dövrə qədəm qoyaraq özünün siyasi, iqtisadi müstəqilliyini qoruyub saxlamağa müvəffəq olub, son illər ərzində bütün sahələrdə inkişaf edib.
Məqalədə bildirilir ki, müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutub, müstəqilliyimiz daha da möhkəmlənib.