İQTİSADİYYAT
Pərviz Şahbazov: TAP avropalı tərəfdaşlarımız üçün “təhlükəsizlik yastığı” rolunu oynayır
Roma, 27 oktyabr, AZƏRTAC
TAP ən mürəkkəb dövrdə Avropanın enerji təchizatını şaxələndirən və etibarlı mənbədən təbii qazın fasiləsiz tədarükünü təmin edən strateji layihədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov İtaliyanın “Formiche” saytına müsahibəsində deyib.
Nazir qeyd edib ki, TAP çox qısa müddətdə tam gücü ilə işləyərək, ötən il Avropaya qaz tədarükünü 40 faiz artırmaqla 11,4 milyard kubmetrə çatdırıb. Bu həcmin 84 faizindən çoxu, yəni, 9,6 milyard kubmetri yalnız İtaliyanın payına düşüb.
“TAP enerji təhlükəsizliyinə xidmət etməklə yanaşı, enerjidə əlçatanlığı və ətraf mühitin qorunmasna da töhfə verən layihə olduğunu artıq təsdiqləyib. TAP-ın Avropanın 10-dan çox ölkəsini Azərbaycan qazı ilə təchiz etmək perspektivi var və dayanıqlı enerji təhlükəsizliyi üçün bu layihənin inkişafı zəruridir. “REPowerEU” planı, eləcə də Avropa İttifaqı ilə Azərbaycanın enerji sahəsində yenilənmiş strateji tərəfdaşlıq sənədi məhz TAP-ın rolunun gücləndirilməsini ehtiva edir və biz bu gün qitəyə təbii qaz tədarükünün artırılması üzərində işləyirik. TAP avropalı tərəfdaşlarımızın hər zaman “təhlükəsizlik yastığı” rolundadır və ümid edirəm ki, onlar bu layihənin inkişafı üçün səyləri gücləndirməyin vacibliyinin fərqindədirlər”, - deyə P.Şahbazov vurğulayıb.
Yazıda, həmçinin TAP layihəsinin İtaliya üçün strateji əhəmiyyətindən, boru kəmərinin ötən üçillik dövrdə “Köhnə qitə”nin enerji təhlükəsizliyinə verdiyi töhfədən və kəmərin ötürücülük qabiliyyətinin artırılmasının önəmindən bəhs olunur.
Qeyd edək ki, TAP vasitəsilə Avropaya qaz tədarükü 2020-ci ilin dekabrın 31-də başlayıb. İndiyədək qitəyə 28,7 milyard kubmetr Azərbaycan qazı göndərilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma