Peşə məktəblərinin rəhbər şəxslərinin Türkiyəyə təlim-təcrübə səfəri davam edir
Bakı, 15 oktyabr, AZƏRTAC
Seçilmiş peşə məktəblərinin rəhbər şəxslərinin Türkiyəyə təlim-təcrübə səfəri davam edir.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, peşə məktəblərinin rəhbərləri səfər çərçivəsində Tuzla Peşə Məktəbində olublar. Məktəbin proqramlaşdırma, elektronika və rabitə sahələri ilə bağlı tədris emalatxanalarına infotur təşkil edilib. Onlar daha sonra Texnopark İstanbul Peşə və Texniki Anadolu Liseyinə səfər ediblər. Lisey direktoru Məhəmməd Əli Aydının müşayiəti ilə infotur keçirilib.
Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair protokol” çərçivəsində həyata keçirilən səfərin əsas məqsədi peşə təhsili müəssisələrinin idarəedilməsində Türkiyədə tətbiq edilən qabaqcıl təcrübənin öyrənilməsindən ibarətdir. Bakı və müxtəlif regionları təmsil edən peşə məktəblərinin 15 rəhbər şəxsi 2 həftə ərzində müxtəlif istiqamətlər üzrə təlimlərə qatılır, eyni zamanda, sahəvi peşə təhsili müəssisələrində fəaliyyətin təşkili təcrübəsindən faydalanır.
Təlim-təcrübə səfərinin oktyabrın 17-dək davam etməsi nəzərdə tutulur.