Peşə Təhsil Mərkəzinin tələbələri zəlzələ zamanı davranış qaydaları barədə maarifləndirilib
Qəbələ, 10 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinə “Zəlzələ zamanı nə etməli?” mövzusunda təlim keçirilib.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təlimə başlamazdan əvvəl Türkiyə Respublikasında dəhşətli zəlzələ zamanı həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təlim prosesində Peşə Təhsil Mərkəzinin Mülkü Müdafiə Qərargah rəisi İlham Əfəndiyev tələbələrə zəlzələnin növləri, başvermə səbəbləri, zəlzələ zamanı davranış və ətrafdakı yaralılara ilkin tibbi yardım göstərilməsi qaydaları barədə ətraflı məlumat verib. Ötən dövrlər ərzində Azərbaycanda və dünyada baş vermiş zəlzələ hadisələri, onların fəsadlarından bəhs edən qurum rəsmisi bildirib ki, insanlar hər zaman zəlzələ və digər fövqəladə vəziyyətlərə hazır olmalıdırlar.
Təlimdə zəlzələ baş verdikdə necə davranmaq qaydaları tələbələrin iştirakı ilə əyani olaraq göstərilib, həmçinin “Zəlzələ zamanı nə etməli?” mövzusunda slayd və videoçarxlar izlənilib. Təlim prosesində belə hadisələr zamanı insanların davranış qaydaları ilə bərabər, vətəndaş həmrəyliyi, fərdlər arasında insani duyğuların möhkəmlənməsinin və qarşılıqlı yardımlaşma hallarının artmasının vacibliyi, hər bir fərdin insanlıq nümunəsi göstərməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Sonda tələbələrin sualları cavablandırılıb.