Peşə təhsili müəssisələri məzunlarının özünüməşğulluq imkanlarının artırılmasına dair təlim keçirilib
Bakı, 8 aprel, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Gəncə şəhərində yerləşən 2 saylı Peşə Liseyində peşə təhsili sistemində sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi və mövcud təcrübələrin təşviqi məqsədilə "Peşə təhsili müəssisələri məzunlarının özünüməşğulluq imkanlarının artırılması" mövzusunda təlim keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə "Peşə təhsili müəssisələri məzunlarının özünüməşğulluq imkanlarının artırılmasında KOB subyektlərinin rolu", "Öz biznesinə necə başlamalı?", "Menecerlikdən sahibkarlığa doğru" mövzularında təqdimatlar keçirilib, interaktiv müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və təkliflər səsləndirilib.
Kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə keçirilmiş təlimdə KOBİA-nın, İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax regional bölməsinin, Gəncə şəhər Gənclər və İdman İdarəsinin, Gəncə Gənclər Evinin, Gəncədə fəaliyyət göstərən ali və orta təhsil müəssisələri, peşə məktəbləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri və tələbələr iştirak ediblər.