Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının birinci mərhələsi keçirilib
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən peşəkar mühasib sertifikatı imtahanının birinci mərhələsi (mühasibat uçotu üzrə) keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda iki binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 4 imtahan rəhbəri, 36 nəzarətçi müəllim, 4 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub. COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zallarında namizədlər bir-birindən lazımi uzaq məsafədə əyləşdirilib.
Bundan əlavə, imtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunublar. İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir. İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 10 gün ərzində elan olunacaq. Xatırladaq ki, imtahanın II mərhələsi (qanunvericilik üzrə) noyabrın 28-də keçiriləcək. Bu imtahanda iştirak etmək üçün qeydiyyat bu gün saat 23:00-dək davam edəcək.