Pirallahıda “Xocalı-qan yaddaşımız” şüarı altında anım tədbiri keçirilib
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı ərazi ilk partiya təşkilatlarında, habelə rayondakı ümumtəhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, YAP Pirallahı rayon təşkilatı rayondakı 4 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzində “Xocalı-qan yaddaşımız” şüarı altında anım tədbiri keçirib. Tədbirdə Pirallahı rayonundakı idarə, təşkilat və müəssisələrin rəhbərləri, orta məktəb şagirdləri iştirak ediblər.
Əvvəlcə YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov və digər iştirakçılar Uşaq-Gənclər İnkişaf Mərkəzinin foyesində rəssamlıq və bədii-estetika dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə çıxış edənlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, eləcə də Azərbaycanın bir gecədə ermənilər tərəfindən məhv edilən Xocalı şəhəri və onun sakinlərinin acı taleyindən danışıb, bu soyqırımını törədən cinayətkarların cəzalandırılmasının vacibliyini vurğulayıblar.
Çıxışlardan sonra orta məktəb şagirdlərinin hazırladıqları kompozisiyalar nümayiş olunub.