MƏDƏNİYYƏT
“Pitch a TV Show!” təlim və pitçinq müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 13 dekabr, AZƏRTAC
YARAT Müasir İncəsənət Məkanında Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Gəl, YARAT” yaradıcılıq marafonun final mərhələsi olub və 25 iştirakçı komanda tərəfindən hazırlanan məhsullar beş istiqamət üzrə (animasiya (“Pitch a TV Show!”), kino, qrafik dizayn, teatr və videoqrafiya) səhnədə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, sonda münsiflər heyətinin qərarı ilə aşağıdakı istiqamətlər üzrə komandalar qalib elan olunub və mükafatlandırılıb.
“Animasiya” üzrə “Ovsun”, “Kino” üzrə “Alfa”, “Teatr” üzrə “Səssiz”, “Dizayn” üzrə “The last of us” və “Videoqrafiya” üzrə “The pulse of innovator” komandası qalib elən olunub və müvafiq olaraq hər komandaya 1000 manat pul mükafatı verilib.
Animasiya təlimində gənc animatorlar, rəssamlar, rejissorlar və prodüserlər iştirak ediblər. Animasiya təlimində mentor qismində Azərbaycan Animasiya Assosiasiyasının üzvü Oktai İusibov, münsiflər heyəti qismində isə Azərbaycan Animasiya Assosiasiyasının həmtəsisçi Elçin Hami Axundov və Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimov çıxış ediblər.
“Pitch a TV Show!” təliminin iştirakçıları animasiya serialının istehsalı haqqında geniş məlumat alıblar, həmçinin personaj dizaynının hazırlanması, sinopsis yazılması və layihə təqdim olunmasına (pitçinq) dair biliklərə yiyələniblər. Təlimin sonunda komandalar animasiya serialları layihələrini təqdim olunub və qaliblər elan edilib.
“Gəl, YARAT!” marafonu Azərbaycan Film Akademiyasının kino və teatr, Bakı Dizayn Akademiyasının qrafik dizayn, Azərbaycan Animasiya Assosiasiyasının animasiya istiqamətləri üzrə mentorluğu ilə “Yaradıcı Həftə” çərçivəsində reallaşıb.