QAN YADDAŞI
POLİS AKADEMİYASINDA 20 YANVAR FACİƏSİNİN 20-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLMİŞDİR
Bakı, 15 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin iyirminci ildönümü ilə əlaqədar Polis Akademiyasında bir sıra tədbirlər həyata keçirilmişdir. Akademiyanın klubunda, ümumi kitabxanada və yataqxanalarda 20 yanvar faciəsini əks etdirən fotostendlər quraşdırılmış, bu mövzuda divar qəzetləri buraxılmışdır. Müdavim heyətinin iştirakı ilə “Qanlı Yanvar” mövzusunda yığıncaqlar keçirilmiş, sənədli filmlər nümayiş etdirilmişdir.
Şəxsi heyət Şəhidlər xiyabanını ziyarət etmiş, məzarları üstünə tər çiçəklər qoymuşlar.
Yanvarın 15-də Akademiyada 20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadənin və cəmiyyətin İdarə heyətinin üzvü, II qrup əlil Namiq Əhmədovun, Əzizbəyov rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyevin iştirakı ilə anım mərasimi keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoymuşlar.
Polis Akademiyasının rəisinin müavini, polkovnik Qabil Zamanov xalqımızın qan yaddaşında dərin iz buraxmış faciə barədə məlumat vermiş, 1990-cı ilin yanvarında həmin hadisələrə ilk siyasi qiyməti bütün təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlmiş ulu öndər Heydər Əliyev tərəfindən verildiyini xatırlatmışdır.
Çıxış edənlər sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi görünməmiş vəhşiliklər və zorakılıqlardan danışmışlar.
Vurğulanmışdır ki, həmin gün həlak olmuş şəhidlərin ailələri və əlillər Azərbaycan dövlətinin daim qayğı və diqqəti əhatəsindədir. Bu kateqoriyadan olan insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Tədbir iştirakçıları akademiyanın şəxsi heyəti ilə ətraflı söhbət aparmış, suallara cavab vermişlər.
Tədbir sənədli filmin nümayişi ilə başa çatmışdır.
######