“Politico”: Avropa Siyasi Birliyinin sammiti fiasko ilə nəticələndi
Bakı, 6 oktyabr, AZƏRTAC
Avropanın əlliyə yaxın liderinin, onlarla köməkçinin və jurnalistin qatıldığı sammit fiaskoya uğradı.
AZƏRTAC xəbər verir ki, nüfuzlu “Politico” nəşri portalının yazdığına görə, sammit iştirakçıları Avropanın ətrafında münaqişələrin, yaxud hər hansı digər regional problemin həllində əhəmiyyətli irəliləyiş əldə edə bilməyiblər. Emmanuel Makronun layihəsi olan Avropa Siyasi Birliyinin üçüncü sammiti Ermənistan ilə Azərbaycan arasında sülhə nail olmaq, Balkanlarda gərginliyi azaltmaq və qitənin təhlükəsizliyi ilə bağlı strateji müzakirələr platforması kimi təqdim edilib. Lakin bu konkret məsələlər üzrə heç bir irəliləyiş əldə olunmayıb.
“Politico” yazır: Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan görüşdən imtina etmək qərarına gəldikdə, iştirakçıların Qarabağla bağlı hərəkətə keçmək ümidləri də puça çıxdı. Liderlər Azərbaycanın antiterror tədbirlərindən sonra İlham Əliyevlə Nikol Paşinyan arasında ilk görüşü keçirməyə ümid edirdilər. Azərbaycan Fransanı danışıqlarda qərəzli olmaqda ittiham edib və son nəticədə Aİ-nin himayəsi altında Brüsseldə danışıqlara razılıq verib. Bu barədə sosial şəbəkədə Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev bildirib”.
Məqalədə qeyd olunub ki, qeyri-rəsmi sammitin mənasız olması hissi ev sahibi olan İspaniyanın 700-ə yaxın jurnalist üçün nəzərdə tutulan mətbuat konfransını son anda ləğv etməsi ilə nəticələndi. Burada media nümayəndələrinə bəyanat verilməli və Avropa Siyasi Birliyində sədrliyin İspaniyadan Böyük Britaniyaya keçməsi rəsmən elan olunmalı idi.
Yazıda bildirilir: “Liderlərin sammitə həvəssiz yanaşması günün əvvəlindən açıq-aydın görünürdü, bir çox dəvətlilər dayanıb gözləyən jurnalist kütləsi ilə fikirlərini bölüşməkdən çəkinirdi, İtaliyanın Baş naziri Meloni mobil telefonu ilə danışaraq onların yanından keçdi. Almaniya Kansleri Olaf Şolts və Böyük Britaniyanın Baş naziri Rişi Sunak da mətbuata açıqlama vermədilər. Avropa Siyasi Birliyinin yaradılması ideyasının təşəbbüskarı olan Emmanuel Makronun da deyəcək heç bir sözü yox idi”.
“Politico” vurğulayır ki, günün sonuna yaxın mətbuat konfransında çıxış edən Fransa prezidentinin görüşün faydalı olması barədə fikirləri də inandırıcı deyildi. Bunu nəzərə alan Makron jurnalistlərin daha çox sual verməsinin qarşısını aldı.