Politoloq: Korrupsiya ilə mübarizə istiqamətində atılan addımlar ictimaiyyət tərəfindən müsbət qarşılanır
Bakı, 3 may, Səadət Hakıyeva, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatlar, o cümlədən son dövrlər korrupsiya ilə mübarizə istiqamətində atılan addımlar ictimaiyyət tərəfindən çox müsbət qarşılanır. Təbii ki, aparılan islahatlar, atılan addımlar ölkənin gələcək dayanıqlı inkişafının təmin edilməsinə yönəlib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib.
Politoloq bildirib ki, Azərbaycan Prezidenti ölkənin yeni Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən bir sıra mühüm məsələlərə toxunub, öz tapşırıq və tövsiyələrini verib. Dövlətimizin başçısı ölkədə həyata keçirilən islahatlar, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər, neqativ hallara qarşı mübarizənin gücləndirilməsi və qanunun aliliyinin təmin edilməsi sahəsində hüquq mühafizə orqanlarının qarşısında duran vəzifələrdən danışıb. Həmişə olduğu kimi bu dəfə də Prezident İlham Əliyev vəzifəyə təyin edilən insanların xalqa xidmət etməli olduqlarını xatırlatdı və bildirdi ki, vəzifəli şəxslər vətəndaşların problemlərini həll etməlidirlər, nəinki onlara maneə olmalıdırlar. Prezident İlham Əliyevin tapşırığı ilə cəzaların yüngülləşdirilməsi ilə əlaqədar Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilir, müvafiq qanunlar qəbul olunur. Amma bəzi vəzifəli şəxslər bu humanist addımı qiymətləndirmir, əksinə, özbaşına hərəkət edirlər. Bu günlərdə DTX-nin əməkdaşları tərəfindən cinayət başında yaxalanan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlara kömək etmək əvəzinə, onlara məxsus olanlara yiyələnib. Bu hərəkətin adı yoxdur. Belələri üçün vətəndaşlıq mövqeyi, dövlətçiliyə sədaqət deyil, şəxsi mənafe birinci yerdə gəlir. Əgər dövlətin başçısı deyirsə ki, məni Azərbaycan Prezidenti kimi xalq seçib və bu xalqın qarşısında məsuliyyət daşıyıram, onda digərləri bundan nümunə götürməlidirlər. Şəhərlərdən tutmuş ucqar kəndlərə kimi hər bir ölkə vətəndaşı dövlətin qayğısı ilə əhatə olunub. Axı icra strukturlarının nümayəndələrinin nə hüququ vardır ki, dövlətin həyata keçirdiyi islahatlardan vətəndaşın bəhrələnməsinə imkan verməsin?
Politoloq deyib: “Hər bir icra başçısı Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin olunanda onlara verilən əsas tapşırıq vətəndaşlara xidmət, onlarla bir yerdə olmaq, şəffaf işləmək, əhalini incitməmək, onlara kömək göstərmək, eyni zamanda, sahibkarlara dəstək verməkdir. İcra başçıları yerlərdə investisiya yaratmalı, yeni iş yerlərinin açılmasına çalışmalıdırlar. İcra başçılarının vəzifələrindən sui-istifadə etmələri insanlar arasında narazılıq, sosial gərginlik yaradır. Belə məsələlər neqativ hallarla nəticələnə bilər. Bu, dövlətə, xalqa xəyanətdən başqa bir şey deyil”.
İ.Vəlizadə dövlətimizin başçısının da qeyd etdiyi kimi, ictimai nəzarətin əhəmiyyətindən danışıb. İctimai şuraların əhəmiyyətini qeyd edən politoloq onu hakimiyyətlə ictimaiyyət arasında dialoqu təmin edən amil kimi qiymətləndirib.
Bütün dövrlərdə hüquq-mühafizə orqanlarının üzərinə böyük məsuliyyət düşdüyünü xatırladan İ.Vəlizadə bildirib ki, xüsusilə, koronavirus pandemiyasının böhran yaratdığı bir dövrdə bu məsuliyyət daha da artır. Stabilliyin qorunması, iqtisadiyyatın inkişafına təkan vermək üçün bütün qüvvələr səfərbər olunmalıdır. “Ölkəmizdə məhkəmə - hüquq sistemində mühüm islahatlar aparılır. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin respublikanın Baş prokuroru təyin edilməsi də həmin islahatların davamıdır. Bu təyinat onu göstərir ki, korrupsiyaya və rüşvətxorluğa qarşı daha sərt tədbirlər görüləcək. Prezident İlham Əliyev respublikanın yeni Baş prokuroru ilə söhbətində bu məqama xüsusi toxundu. Bildirdi ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Korrupsiya və rüşvətxorluq üçün meydan həm inzibati yollarla, həm institusional üsullarla, həm də cəza tədbirləri ilə məhdudlaşdırılacaq”, - deyə politoloq vurğulayıb.
İlqar Vəlizadə Azərbaycanda siyasi dialoqun mövcud olduğunu diqqətə çatdırıb. Bildirib ki, bunu fevralın 9-da keçirilən parlament seçkiləri də təsdiqlədi. Hazırda bütün əsas siyasi qüvvələr bu dialoqda fəal iştirak edirlər. Onun sözlərinə görə, hadisələrin gedişi ölkədə siyasi sistemin daha da təkmilləşəcəyini, siyasi münasibətlərin daha sağlam zəmində qurulacağını deməyə əsas verir.
“Azərbaycan dövləti hər bir vətəndaşına arxa durur, kömək edir. Pandemiya dövründə də dövlətimiz bütün resursları səfərbər edib ki, vətəndaşının həyatını, sağlamlığını qorusun, sosial rifah halını yaxşılaşdırsın. Hər bir məmur da xalqın yanında olmalı, ona dayaq olmalıdır. Əks təqdirdə, cəzasını alacaqdır. Fikirlərimə Azərbaycan Prezidentinin sözləri ilə yekun vurmaq istəyirəm: “Heç kim qanundan üstün deyil. Qanun qarşısında hamı bərabərdir”, - deyə İlqar Vəlizadə fikrini tamamlayıb.