Polşada dəfn olunmuş azərbaycanlı zabitlərin məzarları ziyarət edilmişdir
Bakı, 31 oktyabr (AZƏRTAC). Oktyabrın 31-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ordusunun və Polşa Silahlı Qüvvələrinin zabiti olmuş general Vəli bəy Yadigarın doğum günü ilə əlaqədar Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşları, Azərbaycan Mədəniyyət Mərkəzi Cəmiyyətinin sədri və bu qurumun üzvləri Varşavanın müsəlman qəbiristanlığını ziyarət etmişlər.
Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, tədbir iştirakçıları polkovnik Vəli bəy Yadigarın, podpolkovnik İsrafil bəy Yadigarın, Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə və Xarici İşlər nazirliklərində çalışmış Krıçinskilər ailəsinə mənsub məzarların üzərinə əklillər qoymuşlar.
Vəli bəy Yadigarın şərəfli ömür yolundan söhbət açılarkən bildirilmişdir ki, o, əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda, 1922-ci ildən isə Polşa Milli Ordusunda zabit rütbəsində xidmət etmişdir. Hitler Almaniyası Polşanı zəbt edərkən V.Yadigar gizli hərbi müqavimət briqadası yaradaraq qəsbkarlara qarşı vuruşmuş, göstərdiyi şücaətlərə görə polkovnik rütbəsinə layiq görülmüşdür. Müharibədən sonra Argentinaya mühacirət edən Vəli bəy Yadigar 1971-ci il dekabrın 13-də Buenos-Ayresdə dünyasını dəyişmişdir. Onun nəşi 1990-cı ildə Polşaya gətirilərək müsəlman ənənəsi və hərbi protokol qaydaları ilə Varşavada dəfn olunmuşdur. V.Yadigarın vəsiyyətinə əsasən məzarının üzərinə milliyyətcə azərbaycanlı olduğu qeyd edilmişdir.
Azərbaycanlı hərbçi İsrafil bəy Yadigar da Polşa ordusunun 29-cu piyada diviziyasında mayor, daha sonra 11-ci süvari polkunda podpolkovnik rütbəsi ilə xidmət göstərmişdir.
Tədbir iştirakçıları görkəmli hərbçilərimizin göstərdikləri şücaətlərdən danışmış, onların həmişə doğma Azərbaycanın adını uca tutan insanlar olduqlarını bildirmişlər. Qeyd edilmişdir ki, 2013-cü il iyunun 21-də Vəli bəy Yadigarın 1939-cu ildə tədris və ixtisasartırma bölməsinin direktoru vəzifəsində işlədiyi Qrudzyonts şəhərindəki Ali Süvari Məktəbində xatirə lövhəsinin açılışı olmuşdur.
Tədbirdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətində xidmət etmiş Krıçinski qardaşlarının da xatirəsi yad edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinə xidmətlərinə görə 2013-cü il mayın 26-da Qdansk şəhərində onların xatirə lövhəsinin açıldığı qeyd edilmişdir.