PREZİDENT İLHAM ƏLİYEV BAKI-QUBA-RUSİYA SƏRHƏDİ AVTOMOBİL YOLUNUN TİKİNTİSİ İLƏ TANIŞ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 27-də Bakı-Quba-Rusiya sərhədi avtomobil magistralının tikintisi ilə tanış olmuşdur.
Bakını ölkənin şimal regionları və Rusiya sərhədi ilə birləşdirən yolun yenidən qurulması üç mərhələdə aparılır. Birinci mərhələyə daxil olan Bakı-Sumqayıt yolu ötən ay istifadəyə verilmişdir. Növbəti iki mərhələdə tikinti-quraşdırma işləri davam etdirilir.
Prezident İlham Əliyev şimal bölgəsinə səfərə gedərkən magistralın 109-cu kilometrində tikinti işlərinin gedişi ilə maraqlandı. Dövlətimizin başçısına məlumat verildi ki, beynəlxalq əhəmiyyətli bu yol ən müasir texnologiyalar əsasında qurulur. Magistralın 16-134-cü kilometri beton örtükdən ibarət olacaqdır. Yolun keçdiyi istiqamətdə yaşayış massivlərinin çoxluğu infrastrukturda əvvəlki vəziyyətə nisbətən ciddi dəyişikliklər edilməsi zərurəti yaratmışdır. Yolda 21 körpü və yolötürücüsü, 10 qovşaq, 15 mal-qara keçidi, 150 müxtəlif ölçülü suötürücü olacaqdır. “Akkord” şirkətlər qrupu yolun vaxtında istifadəyə verilməsi üçün geniş yol çəkilişi strukturu yaratmışdır. İlkin prosesdə yolun çəkilişinə əcnəbilər də cəlb olunmuşdur. Bütövlükdə tikintidə üç növbədə 7 min işçi çalışır, 3 minədək texnika işləyir.
Magistralın 31-114-cü kilometrində yol 4 hərəkət zolaqlı olacaqdır. Bu sahədə işlərin 80 faizi yerinə yetirilmişdir. Eyni zamanda bu istiqamətdə 2 hərəkət zolaqlı asfalt-beton örtüklü yol da salınır. Körpülər üçün beton dirəklər və suötürücü boruları şirkət özü istehsal edir. Beton işlərinin həcmi 1,2 milyon kubmetrdir. Yolda istifadə olunan betonun hazırlanması üçün ərazidə 15 zavod yaradılmışdır.
Yolun beton örtüyü ilə maraqlanan dövlət başçısına məlumat verildi ki, bu magistralda ağır tonnajlı yük maşınlarının çox hərəkət edəcəyini nəzərə alaraq, 28 santimetr qalınlığında beton döşənir.
Prezident İlham Əliyev işlərin yüksək səviyyədə görülməsi ilə bağlı tövsiyələrini verdi.
######
![]() |
![]() |

