SİYASƏT
Prezident İlham Əliyev xalqa müraciətində Cənubi Qafqazın sülh və inkişaf konsepsiyasını açıqladı - Deputat

Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də Prezident İlham Əliyev televiziya vasitəsilə Azərbaycan xalqına, o cümlədən dünya ictimaiyyətinə müraciətlə çıxış etdi. Bu, sözün bütün mənalarında, tarixi müraciət idi. Ona görə ki, müraciətin konseptual mahiyyəti sülhə, təhlükəsizliyə, birgəyaşayışa, insanlığa və gələcək nəsillərə ünvanlanmışdı.
Ölkəsinin bir hissəsi qonşu Ermənistan tərəfindən 30 ildən çox işğala, dağıntıya, xalqının isə ən dəhşətli faciələrə, etnik təmizləmə və soyqırımı cinayətlərinə məruz qalmasına, Qərb ölkələri və onların dominantlıq etdiyi beynəlxalq təsisatlar tərəfindən daima haqsızlığa düçar olmasına baxmayaraq, Prezident İlham Əliyev Cənubi Qafqaz xalqlarının sülh və əmin-amanlıq içində birgə yaşamasından, əməkdaşlığından və regionun gələcək inkişafından danışdı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev söyləyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin müraciətində səsləndirdiyi fikirləri Cənubi Qafqaz ölkələrinin, xalqlarının sülh və təhlükəsizlik şəraitində birgə yaşamasına dair strategiya və konsepsiya kimi qəbul etmək lazımdır.
“Azərbaycan Prezidenti hələ 2022-ci ilin oktyabrında Gürcüstana səfəri zamanı regional əməkdaşlığın üçlü Qafqaz formatını, yəni “Qafqaz evi” ideyasını təklif etmişdi.
Əslində, ölkəsinin ərazi bütövlüyünü və suverenliyini hərbi-siyasi yolla bərpa etməyi, bir çox dünya güclərinin dağıdıcı müqavimətini və təzyiqini əzmkarlıqla dəf edərək yüz illər boyu davam edən tarixi ədalətsizliyin qarşısını almağı bacaran XXI əsrin yeganə Lideri kimi İlham Əliyevin bu çıxışını təbii qarşılamaq lazımdır. Çünki yalnız siyasi iradəsi, gücü və mənəvi haqqı olan böyük liderlər, strateji düşünməyi bacaran müdrik siyasətçilər, gələcəyi görən dövlət xadimləri bu cür çağırış edə bilərlər", - deyə A. Quliyev bildirib.
O əlavə edib ki, lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatmasından sonra “Qafqaz evi” ideyasının gerçəkləşməsi üçün real zəmin yaranıb. Ümid edək ki, Ermənistan bu tarixi şansı qaçırmayacaq və Cənubi Qafqazda qalıcı sülh və əmin-amanlıq nəhayət bərqərar olacaq.