Prezident İlham Əliyevin Sofiya səfəri Bakının Avropa İttifaqı ilə əlaqələrini daha da möhkəmləndirir
Bakı, 1 oktyabr, Pərvanə Qarayeva, AZƏRTAC
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstana rəsmi səfəri edib. Səfər çərçivəsində Azərbaycan Prezidenti bu dövlətin başçısı Rumen Radev ilə görüşüb.
AZƏRTAC xəbər verdiyi kimi, Prezidentlərin təkbətək görüş mətbuat üçün birgə bəyanatla, daha sonra geniş tərkibdə növbəti görüşlə davam edib.
Səfər proqramının müxtəlif elementləri mətbuatda işıqlandırılıb. Fikrimizcə, onlardan ən mühümü nəqliyyat-enerji mövzusu olub. Hazırkı səfəri mübaliğəsiz olaraq yetkin adlandırmaq, onun əhəmiyyətini isə son dərəcə mühüm kimi qiymətləndirmək olar.
Son aylarda Şərqi Avropada, xüsusən də dünənki görüşün ev sahibi olan ölkənin bir hissəsi olduğu Qara dəniz regionunda hansı dramatik hadisələrin baş verdiyini xatırlamağa ehtiyac yoxdur. Xüsusilə yaxınlaşan qış və “Şimal axını” qaz kəmərlərinin zədələnməsi xəbəri ərəfəsində bu hadisələrin bütün Avropa üçün hansı nəticələrə gətirib çıxardığını və gətirməkdə davam etdiyini xatırlatmağa ehtiyac yoxdur. Bu şəraitdə Azərbaycanın bütün Avropanın enerji təhlükəsizliyində əhəmiyyəti rekord səviyyəyə yüksəlir. Bunu Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin bu ilin iyulunda Bakıya tarixi səfəri də sübut edir. Səfər çərçivəsində ikitərəfli münasibətlər tarixində ilk dəfə olaraq “Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sektorunda strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
Bu sənədin Yunanıstanın Komotini şəhərində imzalanmasından 10 gün əvvəl TANAP və TAP şəbəkəsini Avropanın qaz “qan sistemi”nə daha da sıx birləşdirən Yunan-Bolqarıstan qaz interkonnektorunun (IGB) açılışı olub.
Əslində, interkonnektorun açılması və ondan sonra Avropa Komissiyası sədrinin Bakıya səfəri Azərbaycan və Bolqarıstan Prezidentlərinin Sofiyada dünənki görüşünün xəbərçisi kimi qiymətləndirilə bilər. Bu kontekstdə Avropanın enerji bazarında mövcud çətin vəziyyəti nəzərə alaraq, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu qiymətləndirməmək mümkün deyil.
Hər iki ölkə bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək üçün böyük potensiala malikdir. Məsələn, Azərbaycan Xəzər dənizində, Bolqarıstan isə öz növbəsində qeyri-sabit Qara dənizdə strateji mövqeyə malikdir. İki potensialın inteqrasiyası təkcə hər iki ölkə üçün deyil, həm də daha geniş coğrafi perspektivdə iki region üçün yeni imkanlar açır.
Nəhayət, qaz axını daha geniş spektrli “Orta Dəhliz” layihəsinin tərkib hissəsidir. Bu mənada təbii ki, bu dəhlizin, demək olar mərkəzində yerləşən iki ölkə arasında əməkdaşlıq Asiya və Avropa arasında nəqliyyat daşımalarının intensivliyini tamamilə yeni səviyyəyə qaldırır. Bu beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların miqyasının ildən-ilə artacağını vəd edir.
Beləliklə, Bolqarıstanın Aİ və NATO-ya üzvlüyünü nəzərə alaraq, Prezident İlham Əliyevin bu ölkəyə budəfəki səfəri təkcə Bakı ilə Sofiya arasında deyil, bütövlükdə bütün Avropa ilə strateji tərəfdaşlıq münasibətlərində geniş perspektivlər açır. Bu o deməkdir ki, Azərbaycanın Aİ-nin iqtisadiyyatında rolu daha da artır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri