Prezidentin bizi dədə-baba yurdumuz Tuğ kəndinə dəvət etməsi hamımızın ürəyindən oldu
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfəri, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü geniş əks-səda doğurub. Səfər iştirakçılarından biri - Əməkdar müəllim Asif Cahangirov bununla bağlı təəssüratlarını AZƏRTAC-ın oxucuları ilə bölüşür.
Otuz iki ildən sonra nəhayət ki, biz - qarabağlılar sevinc içində yaşayırıq. Səmimi deyirəm, Şuşada, Hadrutda, Tuğda nə vaxtsa bir daha olacağıma heç bir ümid bəsləmirdim. Ermənistan kompromis dedikdə, keçmiş Dağlıq Qarabağın müstəqilliyini tanımağımızı, sonradan 5 rayonun, növbəti mərhələdə isə Laçın və Kəlbəcərin bir hissəsini qaytaracağını bəyan edirdi. Tariximizdə unudulmaz iz buraxmış ümummilli lider Heydər Əliyev və dövlətimizin başçısı İlham Əliyev isə bu yanaşmanı qəti rədd edir və həmişə vurğulayırdılar ki, Azərbaycan sülh tərəfdarıdır, lakin doğma torpaqlarımızın qaytarılması üçün onlar bütün imkanlardan istifadə etməyə hazırdırlar. Anlayırdım ki, kompromis mümkün olmayacaq, deməli torpaqlarımız nə vaxtsa hərb yolu ilə qaytarılacaq. Doğrusu, inanmırdım ki, həmin anların şahidi olmaq mənə nəsib olacaq.
Necə deyərlər, ölmədim, bu misilsiz xoşbəxtlik anlarını yaşadım və ömrümün sonunadək sevinc hissilə yaşayacağam! Rəşadətli ordumuzun, bir dəmir yumruq kimi birləşmiş xalqımızın, Müzəffər Ali Baş Komandanımızın qələbə əzmi sayəsində! 2020-ci il 27 sentyabr səhəri Novxanı bağlarının üstündən bir neçə təyyarəmizin göydəki manevrini heç vaxt unutmayacağam! Bir az sonra bildim ki, II Qarabağ müharibəsi, Vətən müharibəsi başladı. İlk anlar çox böyük həyəcan içində idik, lakin Qələbəmizə heç kimin şübhəsi yox idi. Çünki doğma torpaqlarımız uğrunda savaşa bütün millət qalxmışdı!
İşğaldan azad olunmuş Hadrutda Prezident İlham Əliyevlə görüşdük. Nə kimi hisslər keçirdiyimizi təsəvvür etmək çətin deyil. Müzəffər Ali Baş Komandanımızın bizimlə görüşdə dediyi kimi, düşmən silahlılarının məhz Hadrutdan qovulması xalqımızı hədsiz dərəcədə sevindirən və ruhlandıran hadisə oldu.
Hamımız anladıq ki, Azərbaycan Prezidenti artıq Yuxarı Qarabağın azad olunması əmrini verib. Kiçikdən böyüyədək hamımız səbirsizliklə işğal altındakı torpaqlarımızın, o cümlədən doğma Tuğ kəndimizin azad olunması haqqında sevindirici xəbəri gözləyirdik. Yeri gəlmişkən, fəxr edirik ki, 1918-ci ildə Azərbaycanın İstiqlal Bəyannaməsini imzalamış 8 nəfərdən biri - əzizimiz Cavad bəy Məlik-Yeqanov, onunla birlikdə Bəyannamənin lehinə səs vermiş 24 vətənpərvər sırasında nəsillərimizin ikinci böyük oğlu Xudadat bəy Məlik-Aslanov olub.
Görüş təsəvvürə gəlməz səmimi mühitdə keçdi. Prezident hamımızla çox mehriban söhbət edir, doğma yurdumuza dair suallar verir, Hadrutun, yaxın ərazinin inkişaf perspektivləri haqqında öz baxışlarını bizimlə bölüşürdü. Onun bizi dədə-baba yurdumuz olan Tuğ kəndinə dəvət etməsi, bizimlə birlikdə Tuğu gəzməsi, kəndin bənzərsiz gözəlliyi barədə böyük iftixarla danışması hamımızın ürəyindən oldu.
Qələbəmizdə bütün Azərbaycan xalqının, Vətən uğrunda canlarından keçməyə hazır olan hər bir əsgər və zabitimizin, əfsanəvi qəhrəmanlar böyütmüş ana-atalarımızın, əsl vətənpərvərlər yetişdirmiş müəllimlərimizin fədakarlığı danılmazdır.
Tariximizə qızıl hərflərlə yazılacaq bu Qələbədə xalqımızla, ordumuzla birlikdə Prezidentimiz İlham Əliyevin rolu və yeri danılmazdır! Ən məsuliyyətli, böyük cəsarət tələb edən, strateji və taktiki baxımdan dərindən düşünülmüş və cəmi 44 gün ərzində Zəfərimizə gətirib çıxarmış əmrlər məhz Müzəffər Ali Baş Komandanımız tərəfindən verilirdi! Mənim, təmsil etdiyim tuğluların, eləcə də bütün qarabağlıların, xalqımızın son bir il ərzində başı uca, təsəvvüredilməz xöşbəxt anlar içində yaşamağımıza görə Prezidentimizə, şanlı ordumuza, əsgər və zabitlərimizə dərin minnətdarlığımı bildirirəm! Ordumuz, xalqımız, Prezident İlham Əliyev sübut etdi ki, Qarabağ Azərbaycandır! Uca Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlamlıq və uğurlu həyat nəsib etsin!