Probasiya nəzarətində olan məhkumlarla görüş olub
Bakı, 28 oktyabr, AZƏRTAC
Ədliyyə Nazirliyinin əməkdaşları Culfa Rayon Məhkəməsinin inzibati binasında Culfa və Ordubad rayonları üzrə qeydiyyatda olan azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş şəxslərlə profilaktiki görüş keçiriblər.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, İcra və probasiya şöbəsinin məsləhətçisi Sahil Həsənov Ədliyyə Nazirliyi tərəfindən azadlığın məhdudlaşdırılması və digər alternativ cəzaların icrasının diqqətdə saxlanıldığını bildirib. O, ictimai işlər növündə cəza, islah işləri, cərimə cəzası, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə, müəyyən vəzifə tutma və fəaliyyətlə məşğulolma hüququndan məhrumetmə barədə ətraflı məlumat verib.
Cinayət məsuliyyəti, cəza, cəzanın növləri və onlardan biri olan azadlığın məhdudlaşdırılması cəzası, onun icra qaydası, bu cəzaya məhkum edilmiş şəxslərin hüquq və vəzifələri barədə qanunvericilikdən irəli gələn məqamları İcra və probasiya şöbəsinin aparıcı məsləhətçisi Əbülfəz Gülməmmədov diqqətə çatdırıb. Vurğulanıb ki, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxs onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən mütəmadi və qərəzli olaraq boyun qaçırdıqda icra məmuru cəzanın çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəzlənməsi üçün məhkəməyə təqdimat verir.
Sonra məhkumları maraqlandıran suallar cavablandırılıb.