Professor Rəna Məmmədovanın biblioqrafik göstəricisi nəşr olunub
Bakı, 15 oktyabr, AZƏRTAC
Görkəmli musiqişünas alim, sənətşünaslıq elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Rəna Məmmədovanın 75 illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən alimin əsərlərinin biblioqrafik göstəricisi hazırlanıb.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, kitabda Rəna Məmmədovanın həyat və fəaliyyətinin əsas mərhələləri, 1974–2025-ci illəri əhatə edən elmi əsərlərinin biblioqrafiyası təqdim olunub. Nəşrdə, həmçinin alimin elmi-pedaqoji yaradıcılığı və ictimai fəaliyyəti haqqında qısa oçerk, görkəmli elm adamlarının onun haqqında fikirləri, eləcə də həyat və yaradıcılıq yolunun əsas tarixləri yer alıb.
Bundan əlavə, biblioqrafik göstəriciyə alimin monoqrafiyaları, broşürləri, eləcə də dövri mətbuatda, müxtəlif məcmuə və konfrans materiallarında Azərbaycan və xarici dillərdə dərc olunmuş məqalələrinin biblioqrafik mənbələri daxil edilib.
Nəşrin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Vəsaitin redaktoru Biblioqrafiya şöbəsinin müdiri Aytən Əliyeva, tərtibçisi isə Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzovadır.
Sənətşünaslıq sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu nəşrin elektron versiyası ilə kitabxananın saytında tanış olmaq mümkündür.