Prokurorluq orqanlarına işə qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsinə yekun vurulub
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Baş Prokurorluğunun “İşin Təşkili Qaydaları”na əsasən prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinci - yazılı imtahan mərhələsinə yekun vurulub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yazılı imtahanda uğurlu nəticə əldə etmiş namizədlərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və qəbul otağında yerləşdirilib.
Müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 102 namizəd qaydalara əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti - müsahibə mərhələsinə dəvət ediləcəklər.
Müsahibə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejiminə dair qaydaların tələblərinə riayət edilməklə Baş Prokurorluğun inzibati binasında keçiriləcək (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7).
Namizədlər tibbi müayinə və müsahibəyə gəldikdə şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.