Qan bahasına əldə edilən müstəqillik əbədi olur
Tbilisi, 16 yanvar, AZƏRTAC
Xalqların azadlıq uğrunda mübarizə əzmini qırmaq olmaz. Qan bahasına əldə edilən müstəqillik əbədi olur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Gürcüstandakı səfirliyinin 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar hazırladığı tədbirlər planı çərçivəsində Bolnisi rayonunda keçirilən anım tədbirındə səslənib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin əməkdaşları, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsak Novruzov, Bolnisi şəhər merinin müavini Lonqinoz Həsənov, professor Mahmud Kamaloğlu, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Dursun Həsənov çıxış edərək keçmiş sovet imperiyasının süqutundan sonra respublikaların müstəqillik uğrunda mübarizəsindən söz açıb, 1989-cu il aprelin 9-da Gürcüstanda, 1990-cı il yanvarın 20-də Azərbaycanda törədilmiş qırğınlar barədə ətraflı məlumat verib. Bildirib ki, xalqlarımızın mübarizə və qardaşlıq əzmi qırılmazdır. Şəhidlərimiz öz qanları və canları bahasına bunu bir daha sübut ediblər.
Diplomat deyib ki, 20 faciəsi anti-Azərbaycan qüvvələrin azərbaycanlılara qarşı başladığı mənfur siyasətin davamı idi. Amma həmin qüvvələr xalqımızın mübarizə əzmini, azadlıq hissini boğa bilmədilər. Ona görə də 20 Yanvar hadisələri, eyni zamanda, Azərbaycan xalqının qəhrəmanlıq tarixində şanlı səhifə açıb.
D.Həsənov qeyd edib ki, 20 Yanvar faciəsinə ilk və ən kəskin etirazı həmin vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev bildirib: “Ümummilli Liderimiz bütün təhdid və təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sərt bəyanatla çıxış edib. Məhz Ulu Öndərin gərgin səyləri nəticəsində 20 Yanvar faciəsinə hüquqi, siyasi qiymət verilib”.
Səfir faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Prezident İlham Əliyevin xidmətlərini qeyd edib, dövlətimizin başçısının 20 Yanvar şəhidlərinin ailələrinə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.
Sonra professor Mamud Kamaloğlu, İsak Novruzov, sabiq deputat Ramiz Bəkirov və başqaları çıxış edərək 20 Yanvar və 9 Aprel hadisələrindən danışıb, iki xalqın oxşar tarixindən, ortaq dəyərlərindən söz açıblar.
Bildirilib ki, həmin dövrdə ən qatı cinayətlər məhz Azərbaycana və gürcü xalqına qarşı törədildi. Lakin nə Azərbaycan, nə də Gürcüstan öz müstəqillik ideyasından geri çəkilmədi. Əksinə bu mübarizə daha kəskin xarakter aldı. Bunun nəticəsidir ki, bu gün Azərbaycan və Gürcüstan müstəqil dövlət olaraq dünya birliyində layiqli yerlərini tutublar.
Tədbirdə 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.
Sonra ehsan süfrəsi açılıb, şəhidlərin ruhuna dualar oxunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi