Qanunsuz ov halları ilə mübarizə tədbirləri gücləndirilir
Bakı, 24 iyul (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz ov halları ilə mübarizə məqsədi ilə iyulun 13-dən 19-dək ölkə ərazisində keçirdiyi reydlərin nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AzərTac-a bildirmişlər ki, Şahdağ Milli Parkının Oğuz bölməsinin Xaçmaz meşəbəyliyinin 28-ci kvartalında, Ağçay adlanan ərazidə keçirilən reydlər zamanı qanunsuz ov etdiklərinə görə Qəbələ rayonunun Mıxlıqovaq kənd sakinləri Aqil Rəşidov, Xəlil Səmədov, Qərib Mahmudov, Sərdar Mahmudov, İldırım Həmidov saxlanılmışlar. Saxlanılan müvafiq sənədləri olmayan 12 kalibr beşaçılan, 12 kalibr qoşalülə, 16 kalibr təklülə və 16 kalibr qoşalülə ov silahları aşkar edilmişdir. Faktla bağlı müvafiq akt və protokol tərtib edilərək, həmin şəxslərə inzibati qaydada ümumilikdə 4400 manat məbləğində cərimə tətbiq olunmuşdur.
Qanunu pozmuş şəxslər Milli Park əməkdaşlarına tabesizlik göstərmiş, ov silahlarını təqdim etməkdən imtina etmişlər. Həmin silahların alınaraq maddi sübut kimi götürülməsinə köməklik göstərilməsi üçün Qəbələ Rayon Polis Şöbəsinə müraciət olunmuşdur.
Növbəti reyd zamanı Şahdağ Milli Parkının Oğuz bölməsinin Daşağıl meşəbəyliyinin 1 saylı dolayı ərazisində də qanunsuz ov edən Oğuz rayonunun Muxas kənd sakinləri Eldəniz Həbibullayev və Ceyhun Rəhimov, Bucaq kənd sakini Tofiq Musayev, Mingəçevir rayon sakinləri Elnur Ələkbərov və Əhməd Hüseynov saxlanılmış və onlardan 2 ədəd 16 kalibr qoşalülə, 12 kalibr qoşalülə və 16 kalibr təklülə ov silahları aşkarlanaraq götürülmüşdür. Həmin şəxslər barəsində müvafiq akt və protokol tərtib edilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən təqsirkarlar ümumilikdə 4400 manat məbləğində cərimə olunmuşlar.