QANUNSUZ TÜTÜN MƏMULATI HAZIRLAYAN SEX AŞKAR EDİLMİŞDİR
Vergilər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, həmin sex “M & RAQ” şirkətinə məxsusdur. Keçmiş Nizami Rayon Vergilər İdarəsində qeydiyyata düşən bu şirkət 2000-ci ildə guya fəaliyyətini dayandırdığı barədə arayış təqdim etmiş və o vaxtdan vergi orqanlarına heç bir məlumat verməmişdir.
Şirkətin nümayəndəsi Azad Mustafayev sexin qeyri–qanuni fəaliyyəti, reyd zamanı hazır və yarımfabrikat şəklində aşkar olunmuş tütün məmulatının nə vaxt istehsal olunduğu barədə suallara cavab verməkdən imtina etmişdir.
Reyd nəticəsində sexdən 575 kiloqram doğranmış hazır filtrsiz tütün məmulatı, 574 kiloqram doğranmamış tütün məmulatı və 3274 kiloqram tütün xammalı aşkar edilərək saxlanca götürülmüşdür. Tütün məmulatının istehsal tarixini müəyyənləşdirmək üçün nümunələr Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutuna göndərilmişdir.
Aşkar edilmişdir ki, sexin ərazisi və bilavasitə istehsal sahəsi sanitar-gigiyena normalarına cavab vermir, tütün məmulatı insan həyatı üçün təhlükəli şəraitdə istehsal edilmişdir. Həmçinin, qeyri–qanuni istehsal olunan filtrsiz siqaretlər üzərində “Super Prima”, “Zolotaya Prima” və “Astra” yazılmış qutulara qablaşdırıldığı aşkara çıxarılmışdır.
Faktla bağlı araşdırmalar davam edir.