QARA YANVAR HADİSƏLƏRİ VAŞİNQTONDA BİR DAHA YADA SALINMIŞDIR
Vaşinqton, 20 yanvar (AZƏRTAC). ABŞ-Azərbaycan Ticarət Palatasının nəzdində fəaliyyət göstərən Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anma tədbiri keçirilmişdir.
ABŞ hökumət strukturlarının, təhlil mərkəzlərinin, yerli mətbuat nümayəndələrinin, Vaşinqtondakı Azərbaycan və türk icmaları üzvlərinin, eləcə də Azərbaycanın çoxsaylı dostlarının iştirak etdiyi tədbirdə Palatanın icraçı direkotru Mahir İsgəndər, səfirliyin müşaviri Xəzər İbrahim və “Azərbaycan İnternəşnl” jurnalının təsisçisi və baş redaktoru xanım Betti Bleyer çıxış etmişlər.
M.İsgəndər mərasimdə iştirak etdikləri üçün qonaqlara minnətdarlığını bildirmişdir.
X.İbrahim vurğulamışdır ki, 20 Yanvar azərbaycanlılar üçün həm kədər, həm də milli qürur günüdür. Azərbaycanın azadlığı uğrunda həyatlarını qurban verən qəhrəman oğul və qızlarını hüznlə xatırlayan xalqımız, eyni zamanda, sovet qoşunlarına sinə gərərək müstəqilliyimizin bərpasına aparan yolda şanlı tarix yazdıqları üçün onlarla qürur duyur.
Xanım Betti Bleyer nüfuzlu “Nəşnl Ceoqrafik” jurnalının fotoqrafı Reza ilə birgə müəllifi olduğu, Qara Yanvar hadisələrini dünyaya çatdıran “Azərbaycan İnternəşnl”in məqaləsini qonaqların diqqətinə çatdırmışdır.
Fotoqraf həmin ağır günlərdə çətinliklə də olsa Bakıya gəlmiş, qanlı hadisələrin şahidinə çevrilmişdir. O, Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini öz fotoşəkillərində əks etdirmişdir.
Sonra “Qara Yanvara aparan yol” sənədli filmi nümayiş etdirilmişdir.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsisi müxbiri
Vaşinqton