“Qarabağ Azərbaycandır!” beynəlxalq rəsm müsabiqəsinə yekun vurulub
Bakı, 31 dekabr, AZƏRTAC
Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə noyabr 18-dən dekabrın 29-dək keçirilən “Qarabağ Azərbaycandır!” adlı onlayn beynəlxalq rəsm müsabiqəsi başa çatıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd Qarabağın işğaldan azad olunmuş şəhər və kəndlərini uşaq və gənclərə tanıtmaq, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərini artırmaq və hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, uşaqların ev şəraitində asudə vaxtını səmərəli təşkil etmək, istedadlı uşaqları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarət olub.
Onlayn platformada 3 yaş qrupu (6-9 yaş; 10-13 yaş; 14-17 yaş) üzrə keçirilən müsabiqəyə respublikamızın, eləcə də Türkiyə, Rusiya, Almaniya, İsrail, Myanmar, Bolqarıstan, Ukrayna digər xarici ölkələrdə yaşayan məktəbli və müəllimləri qatılıb. Müsabiqəyə ümumilikdə 600-ə yaxın rəsm işi təqdim olunub. Münsiflər heyətinin qiymətləndirilməsinə əsasən, 4 nəfər “Qran-Pri” mükafatına, 15 nəfər I, 15 nəfər II, 14 nəfər isə III yerə layiq görülüb. Qalib və fəal iştirakçılar 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və hədiyyələri ilə təltif olunub.