“Qarabağ Azərbaycandır!” internet müsabiqəsi elan edilib
Bakı, 25 dekabr, AZƏRTAC
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi Vətən müharibəsində Böyük Qələbəyə həsr olunmuş internet müsabiqəsi elan edib.
AZƏRTAC xəbər verir ki, “Qarabağ Azərbaycandır!” devizi altında keçirilən internet müsabiqəsi Azərbaycan əsgərinin qəhrəmanlığının, Böyük Qələbənin qazanılmasında xalq-ordu birliyinin, hər bir azərbaycanlının töhfəsinin ölkəmizdə və dünyada təbliğinə xidmət edir.
Müsabiqənin məqsədi işğal altındakı torpaqların azad olunması uğrunda canlarından keçmiş və yaralanmış əsgər və zabitlərimizin igidliyinin təbliği, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, Vətən müharibəsi zamanı yazılan və hazırlanan mahnı, videoçarx, şeir, poema, xülasə və plakatların təbliğidir.
İnternet müsabiqəsinin təsisçisi Müdafiə Nazirliyi, təşkilatçısı isə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzidir.
Qaliblər “Vətən və müharibə haqqında mahnılar”, “Vətən və müharibə haqqında videoçarxlar”, “Vətən və müharibə haqqında şeir və poemalar”, “Müharibə qəhrəmanları haqqında xülasə (arxa cəbhədə çalışan işçilər)”, “Vətən və müharibə haqqında plakat və fotoşəkillər”, “Hərbi-vətənpərvərlik saytları və sosial şəbəkələrdə səhifələr”, “Müharibə dövründə fəal işləyən könüllülər təşkilatları” nominasiyaları üzrə müəyyən olunacaq.
Yaşadığı yerdən və yaşından asılı olmayaraq hər bir şəxs müsabiqədə iştirak edə bilər və bunun üçün əsərlərini yanvarın 8-dək təqdim etməlidir. Qaliblərin müəyyənləşdirilməsi üçün yanvarın 10-dan 18-dək www.veten-ugrunda.az saytında onlayn səsvermə keçiriləcək. Nəticələr yanvarın 22-də həmin portalda yerləşdiriləcək.
Müsabiqənin informasiya dəstəyi Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən təsdiqlənmiş siyahıya əsasən kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilir.
İnternet müsabiqəyə qatılmaq istəyənlərin qeydiyyatı dekabrın 25-dən yanvarın 8-dək davam edəcək. Ətraflı məlumatı 022 257-39-32 (WhatsApp) və ya 055 596-39-93 nömrələri ilə əlaqə yaradaraq almaq mümkündür.