“Qarabağ” və “Tvente”də oynamış Vaqif Cavadov: Qoy, güclü olan qalib gəlsin!
Bakı, 27 avqust, AZƏRTAC
“Tvente”ni burada görməyə çox şadam. İnanıram ki, bugünkü görüşümüz tarixə düşəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda üz-üzə gələcək “Qarabağ” və “Tvente” klublarının sabiq futbolçusu Vaqif Cavadov deyib.
Ötən gün Niderland klubunun Bakıda qaldığı hoteli ziyarət edən veteran hücumçu Ensxede təmsilçisinin rəsmi “YouTube” kanalına müsahibəsində vaxtilə “Qarabağ”ın heyətində “Tvente”yə qarşı keçirdiyi matçları xatırlayıb: “Həmin vaxt “Tvente” ilə qarşılaşmaq bizim üçün ilk idi. Rəqibin heyətində təcrübəli futbolçular çıxış edirdilər. Niderlanddakı qarşılaşmadan sonra klubun ovaxtkı baş məşqçisi Stiv Maklarenin məni bəyəndiyini dedilər. Bakıdakı görüşdən sonra isə təklif gəldi və mən bunu qəbul etdim”.
Azərbaycan millisinin sabiq üzvü “Tvente”nin əvvəlki və indiki heyətləri arasında böyük fərq olduğunu bildirib: “Azərbaycan futbolunda da inkişaf var. Buna nümunə kimi “Qarabağ”ın son illərdə qazandığı uğurları, həmçinin “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmağını göstərə bilərik”.
Vaqif Cavadov bu gün keçiriləcək “Qarabağ” – “Tvente” matçının nəticəsi ilə bağlı da fikirlərini bölüşüb: “Qoy, güclü olan qalib gəlsin”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq “Qarabağ” - “Tvente” qarşılaşması saat 20:00-da start götürəcək. Səfərdəki ilk oyunda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.