Qarabağın erməni mənşəli əhalisi Azərbaycan cəmiyyətinə və dövlətinə inteqrasiya olunmalıdır - Hüquq müdafiəçisi
Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan tərəfi növbəti dəfə konstruktiv mövqe nümayiş etdirərək Qarabağda yaşayan ermənilərin nümayəndələrini reinteqrasiya və infrastruktur məsələləri ətrafında müzakirə aparmaq üçün Bakıya dəvət edib. Düşünürəm ki, Azərbaycan dövləti bu xoş, beynəlxalq hüququn normalarına uyğun olan və humanizm prinsiplərini özündə əks etdirən məramını davam etdirməlidir. Prezident İlham Əliyevin Azərbaycanda yaşayan erməni mənşəli əhaliyə yönələn çox aydın açıqlamaları var. Erməni mənşəli əhali sosial və mədəni baxımdan Azərbaycan cəmiyyətinə, hüquqi baxımdan isə Azərbaycan dövlətinə inteqrasiya etməlidir. Bu halda onların bütün hüquq və azadlıqları üçün dövlət öz üzərinə düşən hüquqi öhdəlikləri yerinə yetirəcək. Dövlətimizin başçısı buna təminat verib. Biz erməni mənşəli əhali və bu icmanın təmsilçiləri ilə bir sıra qeyri-siyasi məsələləri həll edə bilərik ki, inteqrasiya prosesi başlasın və tədricən sürətlənsin. İnteqrasiyanın baş verməməsi, ilk növbədə, erməni əhalinin ziddinə olacaq. Erməni əhalinin bu təmasdan imtina etməsi onların öz iradələrindən asılı məsələ deyil. Bu əhali 35 ildən artıqdır ki, müxtəlif maraqlı tərəflərin, güclərin və dövlətlərin əlində alətə çevrilib. Onları bu təmaslardan çəkindirənlər var.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov söyləyib.
Onun sözlərinə görə, Azərbaycan dövləti bu səylərini ona görə davam etdirməlidir ki, dövlətimizin başçısının elan etdiyi kimi, onlar vətəndaşlıqlarını bərpa etməklə tədricən cəmiyyətə inteqrasiya olunsunlar və çalışıb Azərbaycan xalqı ilə (Azərbaycanda yaşayan digər bütün xalqların nümayəndələri kimi) birgəyaşayışı qəbul etsinlər. Əgər bunu istəmirlərsə, o zaman seçim onlarındır. Biz dünyaya göstəririk ki, erməni mənşəli əhalinin mənafelərinin təmin olunmasına və onunla birgə yaşayışa hazırıq. Qarabağ erməniləri ilə mövcud problemləri, o cümlədən inteqrasiya və təhlükəsizlik məsələlərini müzakirə etmək üçün açığıq. Azərbaycan bu səylərini davam etdirməklə yanaşı, geniş beynəlxalq məlumatlandırma işləri də aparmalıdır ki, erməniçiliyin saxta məlumatlarının təsiri altında olanlara həqiqət çatdırılsın.
İnteqrasiyanın sadə proses olmadığını qeyd edən Sahib Məmmədov deyib: “Bizim bayrağımızın Xankəndinin inzibati binasında dalğalanması və idarəetmə qurumuna rəhbərlərin təyin olunması inteqrasiya prosesi üçün, sadəcə, başlanğıc ola bilər. İlk növbədə, əhalinin Azərbaycanın hüquq məkanına inteqrasiyası, oyuncaq idarəetmə sistemi əvəzinə, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olan legitim idarəetmə sisteminin qurulması, ərazidəki infrastrukturun və kommunal sahənin Azərbaycanın müvafiq infrastrukturuna və kommunikasiyalarına qoşulmasının təmin edilməsi, təhsil kimi mürəkkəb məsələnin həlli, sosial təminat, mülkiyyət məsələləri, bank-maliyyə sisteminin təmin olunması kimi həlli uzun müddət tələb edən problemlər aradan qaldrılmalıdır. Bu sadalananlar və sadalanmayanlar vaxt, resurs və ən başlıcası, iradə tələb edir. Azərbaycan dövlətinin iradəsi ortadadır. Biz, həmçinin əhali və onları təmsil edənlərlə təmasların davam etməsində maraqlı olduğumuzu göstərməkdəyik. Azərbaycan hakimiyyət orqanlarının təşəbbüslərinin cavabsız qalmasının səbəbi əhalinin iradəsindən asılı olmayan məsələdir. Ermənistandakı rejim də daxil olmaqla, digər maraqlı tərəflər erməni əhalinin Azərbaycana inteqrasiya olmasında heç maraqlı deyillər. Amma hələ də gec deyil. Nəticə çıxarsalar, hər şey onlar üçün yaxşı olacaq, çıxarmasalar, onda başqa seçim etmək məcburiyyətində qalacaqlar. Azərbaycan vətəndaşı olmayanların Azərbaycan ərazisində müvəqqəti olma, müvəqqəti və daimi yaşama məsələləri qanunvericiliklə tənzimlənir”.
Hüquq müdafiəçisi bildirib ki, işğal dövründə yerli əhalinin əsas ehtiyaclarını ödəyən bir neçə mənbə var idi. Əvvəl o ərazilərdə yaşayanların çoxunun qazancı hərbi xidmətdən və hərbi infrastrukturun saxlanılmasından çıxırdı. Onlar işğal altında saxladıqları ərazilərimizi istismar edib, söküb satıb, əkib-biçiblər. Qeyri-qanuni mədən hasilatından əldə olunan gəlirlərin bir hissəsi onlara çatırdı. Ən azı mədənlərdə işləyərək əməkhaqqı alırdılar. Mineral sularımızı satırdılar. İndi bunların heç biri olmayacaq. Deməli, onların mənafelərinə yeganə uyğun yol inteqrasiyadır. Bu seçimə alternativ olan digər məsələlər erməni əhalinin mənafelərinə uyğun deyil. Bunu nə qədər tez anlasalar və onları təhrik edənlərin müqavimətini qıra bilsələr, proses də o qədər daha tez başlayar”.