“Qarabağın incisi” adlı videoçarx hazırlanıb
Bakı, 18 yanvar, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialının əməkdaşı Sədaqət Hacıyeva Azərbaycan Respublikasının Prezidentinin 2022-ci ili “Şuşa İli” elan etməsi ilə bağlı “Qarabağın incisi” adlı videoçarx təqdim edib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarx kitabxananın sosial hesablarında təqdim edilib.
Videoçarxda qeyd edilib ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçib, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb. Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.
Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlayan Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalıb. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılıb.
Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad edib.