QARDABANİDƏ 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ YAD EDİLMİŞDİR
Qardabani, 20 yanvar (AZƏRTAC). Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Qardabani rayon mərkəzində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş geniş tədbir keçirilmişdir.
Mərasim iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbiri giriş sözü ilə açan Qardabani Rayon Məclisi sədrinin müavini Xanəhməd Qəribov 20 il əvvəl sovet hərbçilərinin Bakı şəhərində törətdikləri vəhşiliklərdən, yüzlərlə günahsız insanın qətlə yetirilməsindən, faciənin təşkilatçıları olan o vaxtkı sovet dövləti rəhbərlərinin hələ də cəzasız qalmalarından danışmışdır. Bildirmişdir ki, 20 ildir 20 Yanvar deyəndə hər bir azərbaycanlının dodaqlarında təbəssüm donur, çöhrəsi kədərə qərq olur, hüzn bürüyür. X.Qəribov əmin olduğunu bildirmişdir ki, 1990-cı il yanvarın 20-də baş vermiş faciənin baiskarları gec-tez öz layiqli cəzalarını alacaq, bu qanlı qırğın zamanı həlak olub şəhidlik zirvəsinə ucalan qeyrətli Azərbaycan oğullarının xatirəsi həmişə əziz tutulacaqdır.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Fəxri Hacıyev ölkənin azərbaycanlılar yaşayan əksər bölgələrində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbirlər keçirildiyini, gürcüstanlı soydaşlarımızın şəhid qardaş-bacılarının xatirəsini böyük hörmətlə yad etdiklərini diqqətə çatdırmışdır. Diplomat Azərbaycan hakimiyyətinin bu faciənin səbəbkarlarının layiqli cəzalarına çatması üçün bütün lazımi tədbiri gördüyünü vurğulamış, haqq-ədalətin qələbə çalacağını, ölkəmizin müstəqilliyinin dönməz olduğunu, respublikanın ərazi bütövlüyünün bərpa ediləcəyini bildirmişdir.
Mərasimdə Gürcüstan parlamentinin deputatı Ramin Bayramov, Qardabani rayon İcra hakimiyyəti başçısının müavini Araz Maşov və başqaları çıxış edərək Azərbaycanın xoş gələcəyinə, erməni qəsbkarların tezliklə ölkənin işğal olunmuş ərazilərini tərk edəcəklərinə inam ifadə etmişlər. Natiqlər Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə artması, regionda lider mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində Prezident İlham Əliyevin balanslaşdırılmış siyasətindən məmnunluqlarını bildirmiş, müstəqillik, azadlıq uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin həmişə əziz tutulacağını vurğulamışlar.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qardabani