Qaxda təbiətə ziyan vuran şəxs barəsində cinayət işi başlanıb
Bakı, 12 iyul, AZƏRTAC
Qax rayonunun Qazmalar kəndi ərazisində 23 qovaq ağacının naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək təbiətə ümumilikdə 27 min 760 manat dəyərində maddi ziyanın vurulması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, həmin müraciət əsasında Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində ağacları kəsən şəxsin İbaxlı kənd sakini Kamran Abdullayev olduğu müəyyənləşdirilib. O, saxlanılaraq istintaqa təqdim edilib.
Araşdırma zamanı K.Abdullayevin həmin ağacları kəsərək özünə məxsus “QAZ-53” markalı yük avtomobili ilə daşıdığı və ayrı-ayrı şəxslərə satdığı məlum olub.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə ) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.