Qazaxıstanda akkreditə olunmuş hərbi attaşelər üçün brifinq keçirilib
Nur-Sultan, 30 sentyabr, AZƏRTAC
Azərbaycanın Qazaxıstandakı səfirliyində bu ölkədə akkreditə olunmuş hərbi attaşelər üçün Ermənistanın son təxribatları və buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks hücum tədbirləri, döyüş bölgəsində baş verən hadisələr barədə məlumatlandırma xarakterli görüş təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Türkiyə, Pakistan, ABŞ, Rusiya, Belarus, Ukrayna, Kanada, Polşa, İtaliya, İran, Hindistan və Türkmənistanın Qazaxıstandakı hərbi attaşeləri və Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə videoproyektor vasitəsilə son günlər Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan ərazilərimizdən beynəlxalq humanitar hüququn normaları pozulmaqla Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında yaşayan mülki şəxslərin və obyektlərin atəşə tutulması nəticəsində vətəndaşlarımızın həlak olması, xəsarət alması, habelə yaşayış evlərinin və mülki infrastrukturunun dağıdılması faktlarını özündə əks etdirən video və fotomateriallar tədbir iştirakçılarına təqdim edilib.
Azərbaycan Silahlı Qüvvələrinin Qazaxıstandakı hərbi attaşesi işğal edilmiş ərazilərdə gedən döyüşlər, münaqişənin yaranma səbəbləri, Ermənistanın işğalçılıq və danışıqların pozulmasına yönəldilmiş siyasəti, habelə beynəlxalq təşkilatların Azərbaycanın haqlı mövqeyini müdafiə edən, konfliktin həllinə yönəlmiş qətnamə və qərarları barədə məlumat verib.
Daha sonra görüşdə iştirak edən ölkələrin hərbi təmsilçilərinin sualları cavablandırılıb, Ermənistanın bütün cəbhə xətti boyunca son hücum cəhdinə cavab olaraq ordumuzun uğurlu əks hücumunu və hərbi əməliyyatlarını əks etdirən, açıq məlumat məkanında mövcud olan video və fotomateriallar nümayiş etdirilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan