Qəbələdə Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir
Qəbələ, 2 aprel (AZƏRTAC). Martın 31-də Qəbələ Rayon İcra Hakimiyyətinin akt zalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş toplantı keçirilmişdir. Tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yığıncağı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başcısı Səbuhi Abdullayev bildirmişdir ki, son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı düşünülmüş şəkildə həyata keçirdiyi genişmiqyaslı soyqırımı hadisələri nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qəddarcasına öldürülmüş, bir milyondan çox insan evindən, öz el-obasından didərgin düşmüşdür.
Toplantıda çıxış edənlər azərbaycanlıların məruz qaldıqları faciələrin dünya ictimaiyyətinə çatdırılmasında, siyasi-hüquqi qiymət verilməsi istiqamətində Prezident İlham Əliyevin gördüyü işləri xüsusi qeyd etmişlər.
Çıxışlarda işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə, bu problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində sülh yolu ilə ədalətli həll olunacağına əminlik ifadə olunmuşdur. Ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı sürətdə həyata keçirdikləri soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri və həmin qanlı hadisələri əks etdirən tarixi faktlar tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Qeyd edək ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Qəbələ rayonunun mədəniyyət müəssisələrində ədəbi-bədii tədbirlər, orta məktəblərdə xüsusi dərslər keçirilmişdir.